Vasif  Süleyman - DÜNYADAN KÖÇMƏYƏ BİR YER VƏDƏLƏŞ

Ədəbiyyat 09:20 / 12.04.2026 Baxış sayı: 301

 

Bu nə bəla idi aldı başımı,

Mən axı, bu qədər naşı deyildim.

Sənə yol gəlirdim doğulan gündən,

Üç günün, beş günün işi deyildi.

 

Qəlbimə xal salıb gördün işini,

Demədin ürək var o xalın altda.

Arada bir dəli sevgi üşüyür,

Hərəmiz bir əlin sığalı altda.

 

Biz nəyi sayırdıq, tale nə saydı,

Qəmimmi yoxuydu, dərdmi azıydı…

Vədəsiz sevgilər doğulmasaydı,

Həsrət şerləri yazılmazıydı.

 

Bu yerdə nə göy var, nə də ki, günəş,

Gedirəm, torpağa, daşa gedirəm.

Dünyadan köçməyə bir yer vədələş,

Bilim ki, səninlə qoşa gedirəm.

 

Bu dünya yar olmaz bizə, bilirəm,

Əllərim uzanmaz telinə qənşər.

Hələ yer üzündə gəzə bilirəm,

Gedim hazırlaşım ölümə qənşər.