Ələsgər Əlioğlu -  TƏZADLI DÜNYA

Ədəbiyyat 13:16 / 08.07.2026 Baxış sayı: 427

 

Xəstəxana hisslərindən

Təzadlı dünyadır, təzadlı dünya,

Bulanıq fikirlər çıxmır duruya...

Çətin ki, qaranı ağdan arıyam,

Yanıldır hər ilmə, hər naxış məni.

 

Fikrimə gəncliyin gəlir şux səsi,

Yaddaşımdan keçir hər bir şaxəsi...

Sinəmdir dərd-qəmin əkin sahəsi,

Bir ucdan çevirir lay-lay xış məni.

 

Dönür taleyimdə ömür-gün aha,

Dəyişir gözümdə səmti gün daha...

Özgəsi dizəcən batır günaha,

Amma gəzib tapır qan-qarğış məni.

 

Əməlini azır illər bu çağda,

(Təzədən oynayır xəncər-bıçaqla!?)

Girəvə gözləyir küncdə-bucaqda,

Gəlib yaxalayır qarlı qış məni..