Xalq artisti Əlixan Səmədov: “Balabanı dünyaya tanıtmaq mənim milli qürurumdur”

YAZARLAR 11:10 / 07.07.2026 Baxış sayı: 3244

 

Bu yazı, balabanımızı dünya səviyyəsində tanıdan musiqiçi, balaban virtuozu, xalq artistimiz Əlixan Səmədov haqqındadır, daha doğrusu onun öz dilindən mənim suallarıma verdiyi cavablardır.

Öncə müsahibim haqda avtobioqrafik məlumatlar:

27.04.1964-cü ildə Sumqayıtda anadan oldu. 1971-79-cu illərdə orta məktəbi, 1972-82-ci illərdə eyni zamanda musiqi məktəblərini, 1986-90-cı illərdə Pedaqoji İnstitutu bitirdi. 1993-cü ildən Türkiyə  Cümhuriyyətində yaşayır. 2008-ci ildə “Balaban metodu” kitabını yazdı. Azərbaycan xalq musiqisinin əsas qollarından olan nəfəs alətlərinin böyük vituoz ustasıdır. Almaniyada, İspaniyada, Fransada, Polşada, Türkiyədə, Yaponiyada, ümumiyyətlə,  dünyanın 40-dən çox ölkəsində konsertlər vermişdir. 2018-də Azərbaycan xalq artisti adına layiq görülmüşdür. Balabanda ifa etdiyu “Sən gəlməz oldun” mahnısı Fransada dünyanın 50 ən yaxşı ifası sırasında yer almışdır.  Xobbisi şahmat oynamaqdır.

 

-        Hörmətli Əlixan bəy, əvvəlcə Sizi salamlayıram və ilk sualı verirəm: 60 yaşı arxadaqoymusunuz. 60 ilin səfası cəfasına dəyərmi?
 

-Salam, Ülvi bəy. Şair demişkən, 60 yaş nədir ki, hələ...

Tanıdığım hər kəsə həmişə bir söz deyirəm: "Çalışın elə yaşayın, elə izlər buraxın ki, o izlər sizi sizdən sonra da yaşatsın. Bu dünyada bir iz qoymadan yaşamağın nə mənası var? İki yüz il yaşasan nə olar, yaşamasan nə olar? Əsas odur ki, ardınca xoş xatirələr və dəyərli izlər qalsın."

İnsan bir hədəfə doğru gedirsə, onun həm səfasını, həm də cəfasını yaşamalıdır. Əgər hər arzuladığınız şey bir anda gerçəkləşsə, inanın, həyatın nə dadı qalar, nə də duzu. Mən də bu yolun həm səfasını görmüşəm, həm də cəfasını çəkmişəm.  Bəs bütün bunlara dəyərmi?

Əgər yalnız özüm üçün yaşasaydım, yəqin ki, dəyməzdi. Daha rahat, daha qayğısız bir həyat sürə bilərdim. Amma mən özüm üçün deyil, qarşıma qoyduğum məqsədlər, dəyərlər və insanlara faydalı olmaq naminə yaşamağı seçmişəm.

Bu gün də, həmin hədəflərə doğru inamla addımlayıram və ömrümün sonuna qədər də bu yoldan dönmək fikrim yoxdur. Elə buna görə də, əminliklə deyə bilərəm ki, bütün o cəfaya dəyər.

  • Belə bir sualım var. Mən hesab edirəm ki, ad günləri ömrün dayanacaqları deməkdir. Hər dayanacaqda dayanıb, bəzi sərnişinləri endirən, yenilərini mindirən bir avtobus kimi ömrümüzü təsvir etsək, endirdiyiniz sərnişinlər çox olub, yoxsa mindirdiyiniz?


  -Nə gözəl bir bənzətmə.

Bilirsiniz, həyat elə qəribədir ki, ömrün dayanacaqlarında istər-istəməz bir çox sərnişinlər düşür, bir çoxları isə həyatımıza yeni sərnişin kimi qoşulur. Yeni insanlar həmişə olur, amma yola saldıqlarımızı heç vaxt unutmuruq.

Əslində, bu dayanacaqların sayı da, insanın öz həyat tərzindən asılıdır. Nə qədər sosial, fəal və insanlarla ünsiyyətdə olursansa, həyatının dayanacaqları da, bir o qədər çox olur. Doğulduğun şəhərdə əvvəl ailən, sonra məktəb illəri, sinif yoldaşların, musiqi məktəbi, lisey, universitet, iş həyatı və həyatın müxtəlif mərhələləri... Hər biri insan ömrünün ayrı-ayrı dayanacaqlarıdır.

İllər keçdikcə həmin dayanacaqlarda ayrıldığın insanları xatırlayırsan. İmkan olduqca onlarla yenidən görüşür, keçmişi yada salırsan. Çünki hər bir "sərnişin"in həyatımızda öz yeri, öz rəngi və heç vaxt unudulmayan gözəl xatirələri var.
 

  • 60 illik ömür - ən çox yadda qalan gününüz hansıdır?

 -Əslində, hər yaşın öz xatirələri var və onları unutmaq mümkün deyil.

Uşaqlıq illərimi xatırlayanda gözümün önünə ilk olaraq məhəlləmiz gəlir. Həyətdə qonşu uşaqları hər fəslin özünəməxsus oyunlarını oynayardılar. Mən isə çox vaxt atamın mənə aldığı musiqi alətini öyrənməyə çalışardım. Arabir həyətə enib, onların oyunlarına tamaşa edərdim. Artıq hamı musiqiyə nə qədər bağlı olduğumu bilirdi.

Bir gün qonşu uşaqlardan biri əlində bir tütək mənə yaxınlaşıb soruşdu: "Bunu çala bilərsən?" Açığı, o vaxta qədər tütəyi heç yaxından da görməmişdim. Özüm də bilmədən aləti onun əlindən götürdüm və nə isə ifa etməyə çalışdım. Bir də gördüm ki, uşaqlar oyunlarını saxlayıb məni izləyirlər. İfam bitən kimi ilk alqışımı da elə doğma məhəlləmdə qazandım. O an həyətimizdə kim var idisə, hamısı məni alqışlayırdı. Düzünü desəm, çox utanmışdım. Həyatımda ilk dəfə idi ki, hamının diqqəti mənim üzərimdə idi.

Tütəyi mənə verən uşaq təəccüblə soruşdu: "Bunu necə öyrəndin?" Mən isə gülümsəyərək: "Həyatımda tütəyi ilk dəfədir görürəm," – dedim və utandığımdan evə tərəf qaçdım.

Sonralar məhəllədə uşaqların əlinə hansı musiqi aləti keçirdisə, hamı deyirdi: "Bunu ifa edə bilsə, yalnız Əlixan edər." Sonra da aləti mənə gətirirdilər.

Düzdür, atamın maddi imkanı hər istədiyim musiqi alətini almağa çatmırdı. O, böyük zəhmətlə əvvəl mənə nağara, sonra isə sadə bir qarmon ala bildi. Amma bu gün geriyə baxanda anlayıram ki, mənə musiqini sevdirən, bu sənətə ilk sevgini aşılayan məhz atam olub.

 

  • Başlayaq əvvəldən. Harada doğulmusunuz, hansı ailədə, ata-ana haqqında, bacı-qardaş haqqında bir az danışaq.

-Sumqayıt şəhərində çoxuşaqlı bir ailədə dünyaya göz açmışam.

O illərin Sumqayıtı zavodları, fabrikləri və zəhmətkeş insanları ilə tanınan bir şəhər idi. Atam zavodların birində fəhlə işləyir, ailəmizin dolanışığını böyük zəhmətlə təmin edirdi. Anamı isə hər zaman ya bazardan əliboş qayıtmayan, ya da evin qayğıları ilə məşğul olan bir insan kimi xatırlayıram. Onların fədakarlığı sayəsində doqquz uşaqlı – beş qardaş və dörd bacının böyüdüyü mehriban bir ailədə boya-başa çatdım.

Evimizin qapısı qonaqların üzünə həmişə açıq idi. Demək olar ki, evimizdən qonaq əskik olmazdı. Mən də, uşaq olsam da, hər dəfə qonaqlar gələndə onlara kiçik konsert verməyə çalışardım. İfa etdikcə onların sevincini və alqışlarını görmək məni daha da, həvəsləndirirdi.

İndi o günləri xatırlayanda anlayıram ki, bütün çətinliklərə baxmayaraq, çox xoşbəxt uşaqlıq yaşamışam. Səmimiyyətin, sevginin və ailə istiliyinin hökm sürdüyü o illər mənim üçün həyatımın ən qiymətli xatirələrindən biridir.
 - Orta məktəb illərindən şirin xatirələriniz varmı? Müəllimləriniz və sinif yoldaşlarınızdan kimləri yada sala bilərsiniz?
 – Sumqayıt şəhərinin 5 nömrəli orta məktəbində təhsil almışam.
İlk müəllimim, Allah rəhmət eləsin, Müzəffər müəllim olub. Oxumağı da, yazmağı da, mənə ilk öyrədən məhz o idi. Bu gün onun oğlu Rəşad Qocayev müəllim kimi Sumqayıt şəhərinin 13 nömrəli orta məktəbində çalışaraq atasının müqəddəs peşəsini davam etdirir. Vaxtaşırı onunla da, yazışıram və hər fürsətdə Müzəffər müəllim haqqında xoş xatirələrimi bölüşürəm.

Sinif yoldaşlarımdan yaddaşımda qalan çox insan var. Təəssüf ki, onların bir çoxunun taleyindən xəbərsizəm. Amma illər sonra yenidən əlaqə saxladığım, görüşdüyüm sinif yoldaşlarım da, olub. Ən son Şəmil Niftəliyevlə görüşüb bir fincan çay içmişdik. Elmira Məmmədova ilə isə İzmirdə yaşadığı üçün konsertlərimin birində görüşmək qismət oldu. Nəzakət Quliyeva ilə də, uzun müddət yazışmışıq.

Mənə elə gəlir ki, sinif yoldaşlarımın bir çoxu ya sosial şəbəkələrdən istifadə etmir, ya da başqa adlarla məni izləyirlər.

Yadıma düşən sinif yoldaşlarım arasında Novruz Ümidəliyev, Aydın Qasımov, Zakir Talıbov, Rauf Nəbiyev (hazırda Kanadada yaşayır), İlqar İsmayılov, Nadir, Elşən, Vaqif və Mehmanın adlarını çəkə bilərəm.

İlqar İsmayılovla bağlı xatirəm isə mənim üçün çox kövrəkdir. Sumqayıta son səfərim zamanı onunla mütləq görüşmək istədim. Telefonla danışanda səsi titrəyirdi. Mənə dedi: "Gəlməyim mümkün deyil. Səni görsəm, özümü saxlaya bilməyəcəyəm, ağlayacağam." Bu sözlər məni çox təsirləndirdi. Onunla görüşə bilmədiyim üçün çox üzülmüşdüm. İstanbula qayıtdıqdan sonra isə İlqarın vəfat etdiyini eşitdim. O zaman anladım ki, mənimlə xəstə yatağından danışıbmış...

Qız sinif yoldaşlarımdan isə Rəfiqə, Xeyransa, Sevda, Arzu, Elza, Aidə, Nəcibə, Nübar və bir çox başqalarının adları bu gün də yaddaşımdadır.

Bu müsahibəni oxuyan bütün sinif yoldaşlarıma səmimi salamlarımı göndərir, hər birinə can sağlığı, xoşbəxtlik və gözəl ömür arzulayıram.

 

066df62dcf081d41e92c1c9ab3945eee.jpg

Şəkildə soldan ikinci sırada, üçüncü yerdə mən dayanmışam. O günlərin gözəl bir xatirəsidir.

 

-    Uşaqdan bu günə qədər dostluq etdiyiniz insan varmı?

-    Uşaqlıq illərindən bu günə qədər əlaqə saxladığım, imkan olduqca görüşdüyüm insanlar var.
Birlikdə böyüdüyümüz məhəllə dostlarımızdan, məktəb yoldaşlarımıza qədər uşaqlıq xatirələrimizi bölüşdüyümüz insanlar həyatımda hər zaman xüsusi yer tutublar. Sumqayıta hər gəlişimdə mütləq onlardan bir neçəsini axtarıb tapmağa çalışıram. Görüşür, uzun-uzadı söhbət edir, uşaqlıq illərimizi yenidən xatırlayırıq. Bu görüşlər mənim üçün çox qiymətlidir.
Ən çox görüşdüyüm və birlikdə vaxt keçirdiyim dostlarım Ağaverdi Məmmədov, Natiq Quliyev, Cabbar Məmmədov, Mahir Abdullayev, Xudaverdi Məmmədov, Abdulla Abdullayev və Ələsgər İbrahimov olub.
Təəssüf ki, əziz dostumuz Ağaverdi Məmmədov 28 avqust 2025-ci ildə aramızdan ayrıldı. Allah ona rəhmət eləsin, məkanı cənnət olsun. Onun xatirəsi qəlbimizdə həmişə yaşayacaq.
Allah ömür verdikcə, qismət olduqca bu dostluqları yaşatmağa, onlarla görüşməyə və köhnə xatirələri birlikdə yada salmağa davam edəcəyəm.

 

  • Orta məktəbdə musiqi Sizi cəlb edirdimi? Başqa sənətə həvəs vardımı?

– Məktəb illərində oturduğumuz partalar mənim üçün sanki ilk səhnə idi.
O vaxt sinif yoldaşlarıma deyərdim:
"Qulağını partaya qoy, dinlə." Sonra isə barmaqlarımla elə ritmlər çalardım ki, uşaqlar heyranlıqla dinləyər, doymadan yenidən ifa etməyimi istəyərdilər. O zaman elə düşünürdüm ki, bunu hər kəs bacarır. Sonralar anladım ki, bu, hər insana nəsib olmayan bir istedad imiş.
Məktəbdə ən çox sevdiyim fənlərdən biri əmək, digəri isə rəsm dərsi idi. Çünki bu dərslərdə yaradıcılıq var idi. İnsan düşünür, xəyal qurur və ortaya yeni bir şey çıxarırdı. Elə o illərdən içimdə daim nəsə yaratmaq arzusu formalaşdı və bu hiss bu gün də, məni tərk etməyib.

Musiqiçi olmaq gözəl hissdir, amma yaradıcılıq hər musiqiçiyə qismət olmur. Yeni bir əsər yaratmaq, yeni bir fikir ortaya qoymaq və sonra insanların onu sevərək qəbul etdiyini görmək sözlə ifadə olunmayacaq qədər böyük xoşbəxtlikdir. Məncə, sənətkar üçün bundan böyük zövq ola bilməz.

- Doğuldunuz şəhərdə Sizin üçün əziz olan bir yer seçin desələr, haranı göstərərsiniz?

– Dünyanın bir çox ölkəsində olmuşam. Hər dəfə mənə eyni sualı verirlər: "Sizcə, ən gözəl ölkə hansıdır?" Mən isə həmişə belə cavab verirəm: "Harada dostunuz varsa, ən gözəl ölkə də elə oradır."
Əgər məndən ən əziz yeri seçməyimi istəsələr, heç düşünmədən deyərəm ki, uşaqlıq illərimin keçdiyi, dostlarımla birlikdə böyüdüyüm məkanlar mənim üçün dünyanın ən qiymətli yerləridir.
Xüsusilə də, musiqi ilə ilk tanış olduğum Mədəniyyət Evi, təhsil aldığım məktəb, məşq etdiyim zallar və ilk addımlarımı atdığım məkanlar mənim üçün çox doğmadır. O yerlər sadəcə binalar deyil, həyatımın ən dəyərli xatirələrini yaşadan ünvanlardır.
Vətənə hər gəlişimdə imkan olduqca həmin yerlərin yanından keçir, bəzən uzaqdan da, olsa onlara baxıram. O an uşaqlıq illərim gözlərimin önündə canlanır və sanki zaman məni yenidən o gözəl günlərə aparır.

- Gələk gənclık illərinə. Orta məktəbi bitirib haraya daxili oldunuz? Qəbul prosesi yadınızdadırmı?

 – Orta məktəbdə oxuduğum illərdə eyni zamanda musiqi məktəbinə də, gedirdim. Dərslərimlə yanaşı, fikrim-zikrim həmişə musiqidə idi. Ən böyük arzum Azərbaycan Dövlət Konservatoriyasına qəbul olmaq idi.

Ancaq yeznəm mənə dedi: "Konservatoriyanı nə edirsən? Sənədlərini Azərbaycan Pedaqoji İnstitutuna ver. Musiqini onsuz da bilirsən. Müəllim olsan, gələcəyin üçün daha yaxşı olar."

Mən də onun məsləhətini dinlədim və Konservatoriya əvəzinə Azərbaycan Pedaqoji İnstitutuna sənəd verdim.

Sənədlərimi təqdim etməzdən əvvəl dostlarım deyirdilər: "Əvvəl texnikuma qəbul ol, sonra instituta gedərsən. Belə daha rahat olar." Amma artıq qərarımı vermişdim və geri dönüş yox idi.

İmtahanlara hazırlaşdığım günlərdə də, dostlarım tez-tez mənə irad tuturdular: "Hamı hazırlaşır, sən isə heç kitab açmırsan." Mən isə gülümsəyərək cavab verirdim: "Bildiyim şeyi niyə yenidən oxuyum? Onsuz da, bilirəm." Onlar da, deyirdilər: "Sən özünə həddindən artıq güvənirsən?"

İmtahan günü maraqlı bir hadisə yaşandı. İlk dəfə idi ki, həmin mühitdə idim. Yanımdakı abituriyentlərdən soruşdum: "Bu gün hansı fəndən imtahan veririk?" Hamısı mənə təəccüblə baxıb güldülər. Biri dedi: "Sən heç hansı imtahana gəldiyini bilmirsən, necə qəbul olacaqsan?"

Amma mən özümə inanırdım. İmtahanı uğurla verdim və tələbə adını qazandım. Maraqlısı isə o idi ki, mənə gülən, əllərində kitablarla gəzən namizədlərin bir çoxu imtahandan keçə bilməmişdi.

Həyatımın bu mərhələsi mənə bir daha göstərdi ki, insanın biliyi ilə yanaşı, özünə inamı da, uğurun əsas şərtlərindən biridir. Bu hadisəni heç vaxt unutmuram.

  • Bu yazının gözü ola biləcək bir sual: balabanı özünüz seçdiniz?

– Ümumiyyətlə, bu sualı mənə çox verirlər.

Hər bir peşəkar musiqiçi kimi mənim də çantamda müxtəlif nəfəs alətləri olardı. Zurna, tütək, balaban, klarnet, qoboy və başqa alətlər... İfa zamanı hansı alətə ehtiyac yaranırdısa, onu götürüb çalır, sonra yenidən çantama qoyurdum. Mənim üçün onların hər biri musiqinin ayrılmaz bir parçası idi.

Amma günlərin birində insanların məni məhz balaban ifaçısı kimi tanıyacağını, bu alətlə adımın yanaşı çəkiləcəyini heç ağlıma da gətirməzdim.

Düzünü desəm, məni balabana bağlayan təkcə musiqi sevgisi olmadı. Bu yolda ən böyük səbəb milli qürurum idi. Balaban Azərbaycan musiqisinin ruhunu, nəfəsini və kimliyini yaşadan ən qiymətli alətlərdən biridir. Mən də bu səsi qorumağı, yaşatmağı və onu dünyanın müxtəlif ölkələrində tanıtmağı özümə mənəvi borc bildim.

Bu gün geriyə baxanda anlayıram ki, balabanı seçən mən olmadım, sanki balaban özü məni seçdi.

 

  • Nə zaman qərara aldınız ki, həyatınızı balabanla bağlayacaqsınız? Axı Siz bir neşə musiqi alətində ifa etməyi bacarırsınız?

– Türkiyəyə dəvət aldıqdan sonra tez-tez səsyazma studiyalarında çalışırdım. Müxtəlif ifaçıların mahnılarında müşayiətçi musiqiçi kimi iştirak edirdim. Bəzən qarmon, bəzən nağara, bəzən də, başqa nəfəs alətlərində ifa edirdim.

Bir gün studiyada çantamın içini görən musiqiçi dostlardan biri balabanı göstərib təəccüblə dedi: "Aaa, düdük də, varmış!"

Bu söz məni çox incitdi. Sakitcə cavab verdim: "Bunun adı düdük deyil, balabandır." O isə təəccüblə: "Amma biz onu belə tanıyırıq," – dedi.

Həmin gün studiyada musiqiləri necə ifa etdiyimi, heç özüm də, xatırlamıram. Çünki beynimdə yalnız bir fikir dolaşırdı. Elə oradaca özümə söz verdim: "Əlixan, balabanı təkcə Türkiyəyə yox, bütün dünyaya tanıtmaq artıq sənin milli borcundur."

Hətta zarafatla, amma səmimi qəlbdən digər musiqi alətlərimdən də, üzr istədim. Mən alətlərlə danışmağı sevən adamam. Onlara dedim: "Balabanı dünyaya tanıdana qədər bir az səbir edin. Bu yolda bütün gücümü ona sərf edəcəyəm."

Həmin gündən qarşıma böyük bir məqsəd qoydum. Araşdırmalar apardım, məlumatlar topladım, repertuar üzərində işlədim və nəhayət, 2001-ci ildə ilk kasetimi təqdim etdim.

Şükürlər olsun ki, üzərindən 25 il keçməsinə baxmayaraq, həmin ilk kaset bu gün də, dinlənilir. Bu isə mənim üçün ən böyük mükafatdır.

Həyat elə gətirdi ki, məni tanımayan insanlar əvvəlcə adımı deyil, balabanımı tanıdılar. Bu gün isə insanların məni balaban ifaçısı kimi tanıması mənim üçün həm böyük qürur, həm də, illərlə çəkdiyim zəhmətin ən gözəl bəhrəsidir.

 

  • Musiqiçinin elmlə məşğul olmasına necə baxırsınız?

-Əslində, musiqi həm elm, həm də, sənətdir. Mənə görə, musiqinin daxilində riyaziyyat da var. Bu anlayışları bir-birindən ayırmaq mümkün deyil. Musiqinin ritmi, ölçüsü, harmoniyası, quruluşu və qanunauyğunluqları elmi əsaslara söykənir. Elə buna görə də, musiqi həm qəlbə, həm də, zəkaya xitab edir.

Tarixə nəzər salsaq, görərik ki, bir çox görkəmli alimlər eyni zamanda musiqi ilə də, məşğul olublar. Bunun ən gözəl nümunələrindən biri dahi fizik Albert Eynşteyndir. O, skripka ifa edir və musiqinin düşüncə tərzinə böyük təsir göstərdiyini dəfələrlə vurğulayırdı.

Bir alim çox gözəl demişdi: "Musiqi ilə məşğul olan insanın beynində sanki atəşfəşanlıq başlayır." Bu fikir mənə çox yaxındır. İstər musiqiçi kimi ifa edərkən, istərsə də, dinləyici kimi musiqini dinləyərkən insan beyninin müxtəlif mərkəzləri eyni anda fəaliyyət göstərir.

Mən inanıram ki, musiqi insanın ruhunu zənginləşdirir, elm isə məntiqini gücləndirir. Bu ikisi bir araya gəldikdə isə insan həm mənəvi, həm də, intellektual baxımdan daha kamil olur. Buna görə də, hesab edirəm ki, musiqiçinin elmə maraq göstərməsi, daim öyrənməsi və öz üzərində işləməsi onun sənətinə də, müsbət təsir göstərir.


- Bəs orta məktəbdən sonra musiqi məktəblərində təhsil aldığınız tələbə yoldaşlarınızdan kimlərin adını çəkə bilərsiniz? İndi də dostluq etdiyiniz tələbə yoldaşınız varmı?
Musiqi məktəbində keçirdiyim illərdən daha çox, məşqlərə gedib-gəldiyim günlər yaddaşıma həkk olunub. Təxminən 12–13 yaşım olardı. Həmyaşıdlarım həyətdə oyun oynayarkən, mən isə indiki xalq artistləri Malik Mansurov və Elşən Mansurov qardaşları ilə birlikdə trolleybusla Sumqayıtda keçirilən məşqlərə gedirdim. O vaxtlar bunun nə qədər böyük bir məktəb olduğunu bəlkə də, dərk etmirdik. Amma bu gün geriyə baxanda anlayıram ki, həmin illər gələcək sənət yolumuzun təməlini qoyurdu.

İllər keçsə də, müxtəlif tədbirlərdə yollarımız yenə kəsişir. Hər dəfə görüşəndə uşaqlıq illərimizi, birlikdə keçirdiyimiz məşqləri, o qayğısız, amma zəhmətlə dolu günləri xatırlayır, köhnə xatirələrimizi böyük sevgi ilə yada salırıq.

İnsan ömründə elə xatirələr olur ki, zaman keçdikcə onların dəyəri daha da artır. Mənim üçün həmin məşq günləri də, məhz belə unudulmaz xatirələrdəndir.

-   Sizə dərs deyən müəllimlərdən hansı biri yaddaşınızda nə ilə qalıb və ondan nə götürmüsünüz?

-    İlk dəfə məktəbə gedərkən müəllimim Müzəffər müəllim olub.

Allah ona rəhmət eləsin. O, bizə təkcə oxumağı-yazmağı deyil, həm də, həyatda düzgün davranmağı, insanlara hörmət etməyi və ən əsası hər işi sevərək görməyi öyrədirdi. Onun dərs dediyi məktəbdə siniflər çox olsa da, hamı bilirdi ki, Müzəffər müəllimin sinifində oxuyan şagirdlər daha məsuliyyətli və daha şanslı sayılırdılar. Ondan öyrəndiyim ən böyük dərs isə hər zaman işin ən yaxşısını etməyə çalışmaq oldu.

Musiqi ilə ilk tanışlığım isə qonşumuz Azad Salamov vasitəsilə olub. Nağara və qarmonla ilk dəfə məhz onun sayəsində tanış olmuşam. Sonralar musiqi məktəbinə və mədəniyyət evinə getdikcə müəllimlərim də, dəyişdi və bu yol daha da genişləndi.

Qarmon üzrə Rafail və İlham müəllimlərdən dərs aldım. Qaboy sahəsində isə Vaqif Musayev mənə çox şey öyrətdi. Sumqayıtda olduğum zaman bir neçə dəfə Vaqif müəllimlə görüşmək də, qismət olub.

Azad Salamovla isə bu gün daha çox, telefonla əlaqə saxlayırıq. Hər danışığımızda o ilk musiqi addımlarımızı, o sadə, amma dəyərli günləri xatırlayır yenə də, musiqi haqqında danışırıq.

Bu müəllimlərin hər biri mənim musiqi yolumda ayrı bir iz buraxıb və bu gün olduğum yerə gəlməyimdə onların böyük rolu olub.

- Savadlı ifaçı və istedadlı ifaçı. Sizcə istedad olmasa savadlı musiqiçi şöhrət qazana bilərmi? Və ya əksinə: İstedadlı musiqiçinin(necə deyərlər, allah vergisinin) savadı, musiqi biliyi olmasa ifası necə olar?

– Məncə, hər bir musiqiçidə ilk növbədə mədəniyyət olmalıdır.

Musiqiçi harada olursa-olsun, unutmamalıdır ki, o, təkcə özünü deyil, eyni zamanda xalqını, milli musiqisini və mədəniyyətini təmsil edir. Buna görə də, davranışı, danışığı və dünya görüşü ifası qədər önəmlidir.

Bundan sonra isə istedad – yəni Allah vergisi və musiqi biliyi gəlir. Təbii ki, bütün bunların üzərinə zəhmət və təcrübə də, əlavə olunmalıdır.

İllərin təcrübəsinə əsaslanaraq deyə bilərəm ki, bu yaşıma qədər çox böyük istedadların şahidi olmuşam. Təəssüf ki, onların bir qismi bu gün artıq aramızda deyil, bir qismi isə zamanla unudulub. Bu da bir həqiqəti göstərir: təkcə istedad insanı uzunömürlü sənətkara çevirməyə yetmir.

Xalq əvvəlcə sənətkarı onun istedadı ilə tanıyır. Məhz bu istedad ona şöhrət qazandırır. Tanındıqca televiziya proqramlarına, tədbirlərə dəvət olunur. Artıq həmin məqamda insanlar təkcə onun ifasını deyil, danışığını, savadını, dünya görüşünü və mədəniyyətini də, qiymətləndirirlər.

Mən bütün bunları bir evin təməli ilə müqayisə edirəm. Mədəniyyət, istedad, bilik və zəhmət həmin təməlin əsas sütunlarıdır. O sütunlardan biri çatışmayanda, nə qədər məşhur olursa-olsun, sənətkar yavaş-yavaş unudulmağa doğru ilk addımlarını atmış olur.
- Nə zaman Əlixan Səmədov özünü bir professional musiqiçi kimi hiss etdi?
İlk dəfə "Balaban Konserti" adlı solo konsertə dəvət aldığım gün özümü həqiqətən peşəkar musiqiçi kimi hiss etdim.

Həmin an başa düşdüm ki, artıq həyatımda seçim etməliyəm. Eyni zamanda həm müəllimlik edib, həm də, peşəkar səhnə fəaliyyətini davam etdirmək asan deyildi. O illərdə dərs deyirdim. Amma gördüm ki, iki işi eyni məsuliyyətlə davam etdirmək mümkün olmur. Qarşımdakı seçim aydın idi: ya müəllimliyə davam edəcəkdim, ya da bütün həyatımı balabana və səhnəyə həsr edəcəkdim.

Mən balabanı seçdim.

İşimdən ayrıldıqdan sonra isə həyatımın ən çətin dövrlərindən biri başladı. İnanın, düz iki il ərzində demək olar ki, heç bir konsertim olmadı. Maddi və mənəvi baxımdan çox ağır günlər yaşadım.

Sonradan başa düşdüm ki, bunun səbəblərindən biri də, özüm olmuşam. Müəllim işlədiyim dövrdə konsert təklifləri gələndə çox vaxt: "Dərsim var, gələ bilmərəm," – deyə cavab verirdim. Təşkilatçılar da, elə düşünürdülər ki, mənim vaxtım olmur. Nəticədə zaman keçdikcə məni konsertlərə dəvət etməyi dayandırmışdılar.

Bu yanlış təsəvvürü aradan qaldırmaq üçün bir-bir bütün təşkilatçılarla, agentliklərlə əlaqə saxladım və artıq yalnız səhnə fəaliyyəti ilə məşğul olduğumu bildirdim. Bu etimadı yenidən qazanmaq isə təxminən iki il vaxt apardı.

Şükürlər olsun ki, bu gün artıq hamı bilir: mən yalnız peşəkar musiqi fəaliyyəti ilə məşğulam və heç bir quruma bağlı deyiləm.

Peşəkar musiqiçi olmaq kənardan göründüyü qədər asan deyil. Dünyanın harasında yaşamağınızdan asılı olmayaraq, bu sənətin öz çətinlikləri var. Bu peşədə hər ay sabit maaş yoxdur. Konsert varsa, həyat davam edir, yoxdursa, həyat yenə davam edir. Yaşamalısan.

Sənətkar hər gün öz üzərində işləməli, yeni layihələr həyata keçirməli, yeni ifalar təqdim etməli və daim yaradıcılıq axtarışında olmalıdır. Çünki səhnədə qalmaq təkcə istedadla deyil, fasiləsiz zəhmət, yenilik və özünü daim inkişaf etdirməklə mümkündür.
-  Musiqiçinin, ümumiyyətlə mədəniyyət xadimlərinin cəmiyyətdə mövqeyi başqa sənət və peşə sahiblərinin mövqeyindən nə ilə fərqlənir?
– Mənə görə, musiqiçilərin və ümumiyyətlə sənət adamlarının cəmiyyətdəki ən böyük missiyası öz milli mədəniyyətini qorumaq, təbliğ etmək və insanlara sevdirməkdir.

Bu mövzu mənim üçün çox həssasdır. Saatlarla bu barədə danışa bilərəm.

Təsəvvür edin, bir uşaq dünyaya gəlir və kiçik yaşlarından etibarən tamamilə başqa bir mədəniyyətin təsiri altında böyüyür. İzlədiyi cizgi filmlərindən tutmuş dinlədiyi musiqilərə, baxdığı proqramlardan gündəlik vərdişlərinə qədər hər şey həmin mədəniyyətin izlərini daşıyır. O, dinlədiyi mahnının sözlərini başa düşməsə belə, həmin mədəniyyət yavaş-yavaş onun dünya görüşünün bir hissəsinə çevrilir.

İllər sonra böyüyəndə anlayır ki, Azərbaycan mədəniyyətindən kifayət qədər uzaq böyüyüb. Mən buna görə o insanı heç vaxt günahlandırmıram. Çünki onun seçimi olmayıb, sadəcə hansı mühitdə böyüyübsə, həmin mədəniyyətin təsiri altında formalaşıb.

Məhz burada sənət adamlarının missiyası başlayır. Biz müasir üslub və müasir yanaşmalarla milli mədəniyyətimizi gənc nəslə sevdirməli, onu yaşatmalı və gələcək nəsillərə ötürməliyik. Peşəkar sənətkarın işi yalnız ifa etmək deyil, həm də milli dəyərlərin daşıyıcısı olmaqdır.

Mən elə insanlarla qarşılaşmışam ki, öz mədəniyyətini başqa ölkədə tanış olduğu əcnəbi dostlarından öyrənib. Bir az dərindən düşündükdə anlayırsan ki, burada həmin insanın heç bir günahı yoxdur. O, sadəcə fərqli mədəniyyət mühitində böyüyüb.

Bu səbəbdən də, mən həmişə demişəm və bundan sonra da deyəcəyəm: milli mədəniyyətin təbliği məktəbdən başlamalıdır. Uşaq ilk növbədə öz xalqının tarixini, musiqisini və mədəniyyətini tanımalıdır.

Mənim fikrimcə, məktəbli əvvəlcə tarı, kamançanı, balabanı və digər milli musiqi alətlərimizi tanımalı, onların səsini eşitməli, tarixini öyrənməlidir. Bundan sonra skripkanı, fortepianonu və dünyanın digər musiqi alətlərini öyrənməsi daha doğru olar.

Eyni qayda dillə də, bağlıdır. Uşaq əvvəlcə öz ana dilində "qırmızı" sözünü öyrənməli, sonra isə onun başqa dillərdəki qarşılığını – "red", "красный" və ya digər dillərdəki ifadələrini bilməlidir.

Mən başqa mədəniyyətləri öyrənməyin əleyhinə deyiləm. Əksinə, hər bir mədəniyyət insanı zənginləşdirir. Amma hesab edirəm ki, insan əvvəlcə öz kökünü, öz dilini və öz mədəniyyətini möhkəm tanımalı, sonra dünyanın qalan mədəniyyətlərinə açılmalıdır. Möhkəm təməl üzərində qurulan şəxsiyyət həm öz milli kimliyini qoruyur, həm də, başqa xalqların mədəniyyətinə daha böyük hörmətlə yanaşır.

  • Çoxlu ölkələrdə olmusunuz, yüzlərlə musiqiçi həmkarlarınız ilə görüşmüsünüz, kamil ifaçı nə ilə fərqlənir?

– Kamil ifaçı harada yaşamasından və ya dünyanın hansı səhnəsində çıxış etməsindən asılı olmayaraq, onu insanlara sevdirən əsas dəyərin öz milli musiqisi olduğunu heç vaxt unutmamalıdır.

Bəzən görürəm ki, heç Türkiyədə yaşamamış bəzi musiqiçilərimiz Azərbaycan musiqisini Türk və ya başqa xalqların ladlarında ifa etməyə çalışırlar. Elə bilirlər ki, başqasına bənzəməklə daha çox seviləcəklər. Mən isə bunun əksini düşünürəm.

Hər xalqın özünəməxsus musiqi dili, öz ladı, öz ruhu və öz mədəniyyəti var. Bunların hər biri dəyərlidir və gözəldir. Allah hər xalqa fərqli bir musiqi zövqü, fərqli bir ifadə tərzi bəxş edib. Bizim üstünlüyümüz də, məhz Azərbaycan musiqisinin özünəməxsus zənginliyindədir.

Kamil ifaçı başqasını təqlid etməz. O, öz milli ladlarını, öz musiqi üslubunu qoruyaraq fərqini ortaya qoyar. İnsanı yadda saxlayan da, məhz onun fərqliliyidir, kimisə təkrarlaması deyil.

Eyni zamanda, başqa ölkədə konsert verərkən həmin xalqın mədəniyyətinə hörmət göstərmək də, çox gözəl davranışdır. Mən həmişə hesab etmişəm ki, konsert proqramına ev sahibi ölkənin sevilən musiqilərindən birini də, əlavə etmək, dinləyicilər üçün xoş bir sürpriz və onlara göstərilən ehtiramın ifadəsidir.

Amma bu zaman da, öz milli kimliyini qorumaq əsas şərtdir. Çünki tamaşaçı səni ilk növbədə öz xalqının musiqisini, ruhunu və mədəniyyətini dünyaya çatdıran sənətkar kimi görmək istəyir. Mənə görə, əsl peşəkarlıq da, məhz bu tarazlığı qoruya bilməkdir: həm öz milli dəyərlərinə sadiq qalmaq, həm də, digər xalqların mədəniyyətinə hörmətlə yanaşmaq.

  • Ustad, bir sual da “Sən gəlməz oldun” ifası haqqında vermək istərdim. Bu ifanız səslənən gündən bütün dünyanı fəth etdi. Ən müxtəlif salonlarda, ən müxtəlif ölkələrdə dəfələrlə səslənən bu ifa necə ərsəyə gəldi?
  •  İlk kasetimin hazırlanması zamanı, qeyd etdiyim kimi, çox araşdırmaaparmışdım. Məqsədim öyrənmək idi ki, Türkiyədə Azərbaycan musiqilərindən hansıları sevilir, hansıları isə hələ tanınmır. Əsas istəyim həm balabanı Türkiyədə tanıtmaq, həm də Azərbaycan musiqisini sevdirə bilmək idi. Buna görə də ilk növbədə kasetdə xalq mahnılarımıza və milli rəqslərimizə yer verdim.

Kasetin hazırlığı demək olar ki, başa çatmışdı. Artıq son təmaslar üzərində işləyirdik. Elə həmin günlərdə ölməz bəstəkarımız Ələkbər Tağıyevin "Sən gəlməz oldun" mahnısı qarşıma çıxdı. Mahnını dinləyən kimi məni dərindən təsirləndirdi. Dərhal aranjimançı dostumdan xahiş etdim ki, bu əsəri mütləq kasetə əlavə edək.

O dövrdə studiya şəraitində işləmək indiki kimi asan deyildi. Bütün işlər bök zəhmət və səbr tələb edirdi. Biz isə o günün imkanları daxilində müasir səslənməyə malik, fərqli bir iş ortaya qoymağa çalışırdıq.

Mən istəyirdim ki, musiqinin ilk saniyələri sanki insanlara "Diqqət, diqqət!" deyə müraciət etsin. Elə bir giriş olsun ki, uşaqdan böyüyə hər kəs dayanıb onu dinləsin. Buna görə də mahnının giriş hissəsini yalnız bir balabanın improvizasiyası ilə ifa etdim. Daha sonra gözlərimi yumaraq, sanki mahnını yaşayırmış kimi bütün hisslərimi ifama köçürdüm.
İfamı başa vurduqdan sonra aranjiman mərhələsinə keçdik. Bir müddət işlədikdən sonra aranjimançı dostum Serkan Sönməzocak mənə dedi: "Əlixan abi, bu hissədə qarmon səsinə ehtiyac var."
Mən də qarmonu onun istədiyi üslubda özüm ifa edərək həmin hissəni tamamladım. Beləcə, əsərin bütün musiqi ruhu addım-addım formalaşdı. Mənim üçün çox önəmli idi ki, istifadə etdiyimiz hər bir musiqi aləti əsərin duyğusuna xidmət etsin və dinləyiciyə təbii şəkildə çatsın. Düşünürəm ki, məhz bu səmimi yanaşma sayəsində "Sən gəlməz oldun" bu gün də ilk günkü kimi sevilərək dinlənilir.
Bu gün də həmin musiqini hər dəfə eşidəndə, studiyada keçirdiyimiz o günlər, yaşadığımız həyəcan və ilk kasetimin yaranma xatirələri gözümün önündə canlanır.
Buradan bir daha əziz dostum, aranjimançı Serkan Sönməzocaka səmimi təşəkkürümü bildirirəm. Birlikdə çox gözəl işlər gördük və bu gün də dostluğumuz, yaradıcılıq əməkdaşlığımız davam edir.

Eyni zamanda, ölməz bəstəkarımız Ələkbər Tağıyevə Allahdan rəhmət diləyirəm. Onun musiqiləri Azərbaycan mədəniyyətinin ən qiymətli incilərindəndir və inanıram ki, hələ uzun illər insanların qəlbində yaşayacaq.

Ələkbər müəllimin oğlu Xalıq Tağıyevlə də məhz o illərdə tanış olub dostlaşmışıq. Şükürlər olsun ki, bu dostluq bu günə qədər davam edir. Mən dostluğa hər zaman bök dəyər vermişəm və illərin sınağından çıxan münasibətlər mənim üçün ən qiymətli sərvətlərdən biridir.


- Musiqiçinin zəhmətinin dəyərləndirilməsi məsələsinə necə baxırsınız?

– İnanın, musiqi elə bir aləmdir ki, bir dəfə onun sehrinə düşən insan bütün çətinliklərə baxmayaraq, ondan ayrılmaq istəmir.

Musiqiçi bəzən böyük çətinliklərlə üzləşir, maddi sıxıntılar yaşayır, yuxusuz gecələr keçirir, saysız-hesabsız zəhmət çəkir. Amma buna baxmayaraq, çox nadir hallarda musiqidən birdəfəlik uzaqlaşır. Başqa bir sahədə çalışsa belə, yenə də, ruhunu musiqidə tapır, ilhamını ondan alır və ilk fürsətdə yenidən sənətinə qayıdır.

Mən musiqiçiləri şərti olaraq iki qrupa ayırıram: yaradıcı musiqiçilər və ifaçı musiqiçilər. Hər ikisinin sənətə xidmətini yüksək qiymətləndirirəm. Lakin hesab edirəm ki, yaradıcılıqla məşğul olan musiqiçilərin yükü daha ağırdır. Çünki onlar yalnız ifa etmirlər, eyni zamanda yeni əsərlər yaradır, yeni ideyalar ortaya qoyur, musiqinin inkişafına öz töhfələrini verirlər. Mən çox istərdim ki, yaradıcı musiqiçilərin zəhməti cəmiyyətdə daha fərqli qiymətləndirilsin. Çünki onların məsuliyyəti və əziyyəti həqiqətən də, daha böyükdür.

Bu illər ərzində gördüyüm işlərin dövlətimiz tərəfindən yüksək qiymətləndirilməsi isə mənim üçün böyük qürur və məsuliyyətdir. Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Sərəncamı ilə 2018-ci ildə mənə "Xalq artisti" fəxri adı verildi. Bu ali ada layiq görülməyi ömrümün ən unudulmaz və qürurverici anlarından biri hesab edirəm. Bu, mənim üçün təkcə bir mükafat deyil, həm də, Azərbaycan musiqisinə bundan sonra da, daha böyük sevgi və məsuliyyətlə xidmət etmək öhdəliyidir.


- Sizin üçün musiqiçi örnəyi ola biləcək ifaçı kim olub?

  • Uşaqlıq illərimdən qoboyu mənə sevdirən, özü də, bundan xəbərsiz olan xalqartistimiz Kamil Cəlilov (Allah rəhmət eləsin) olmuşdur.

Mən onun ifaları ilə böyümüşəm desəm, yerinə düşər. Onun musiqisindəki duyğu, nəfəs və səmimiyyəti mənim sənət yoluma böyük təsir göstərib. Təəssüf ki, vəfatından öncə uzun-uzadı telefonla danışmaq, söhbət etmək imkanımız olurdu. Hər zaman arzum bu olub ki, ona olan sevgimi və minnətdarlığımı şəxsən çatdırım. Amma təəssüf ki, görüşmək bizə nəsib olmadı. Buna baxmayaraq, bir-birimizə görüşmək barədə söz vermişdik...

Sumqayıt şəhəri o zamanlar Moldovanın bir şəhəri ilə qardaş şəhər idi. Həmin dövrdə Moldovadan gələn qonaqların qarşılanması zamanı Sumqayıt Mədəniyyət Şöbəsi və İcra Hakimiyyəti tez-tez, məni və mərhum klarnet ustası, Ələkbər Əsgərovu konsert proqramlarına dəvət edirdi.

Mən dostlarım – Xudaverdi Məmmədov (nağara), Natiq Quliyev (piano) ilə birlikdə çox vaxt proqramlarda iştirak edirdik. Həmin çıxışlarda Kamil Cəlilovun repertuarından “Sarı bülbül”ü ifa edirdim. Digər tərəfdən, Ələkbər Əsgərov moldovan xalq rəqslərinin ifası ilə qonaqları heyrətləndirirdi.

Bu, üstadlarımızla görüşlərim həm sənət baxımından, həm də, mədəni ünsiyyət baxımından mənim üçün çox dəyərli idi. O günlər bu gün də, yaddaşımda ən gözəl xatirələrdən biri kimi yaşayır.

  • İfaçılıq yoxsa pedaqoqluq: hansı Sizə daha çox qəlbən yaxındır?

 – Əslində hər ikisi də demək olar.

Pedaqoq yalnız auditoriyada tələbələr qarşısında duran insan deyil. O, harada olursa-olsun, düşüncə tərzi, danışığı və yanaşması ilə pedaqoq ruhunu daşımalıdır. Mənim üçün pedaqoq olmaq bir peşə deyil, bir davranış mədəniyyətidir.

Səhnədə olduğum zaman da, dinləyicilərə sadəcə musiqi ifa etməklə kifayətlənmirəm. Eyni zamanda qarşımdakı insanlara musiqi haqqında kiçik də, olsa məlumat verməyə, əsərin ruhunu, tarixini və mahiyyətini çatdırmağa çalışıram. Çünki dinləyicinin musiqini daha dərindən hiss etməsi üçün bu bilgilər çox önəmlidir.

Hər zaman düşünmüşəm ki, dinləyicinin musiqi və ya mahnı haqqında öyrənmək istədiyi bir məqam mütləq olur. Məhz həmin anda artıq pedaqoji yanaşma işə düşür. Yəni sənətkar təkcə ifa etmir, həm də, izah edir, yönləndirir və dinləyicini musiqinin daxilinə aparır.

Mənə görə, musiqiçi ilə pedaqoqu bir-birindən tam ayırmaq mümkün deyil. Əsl sənətkar həm ifa edir, həm də öyrədir.

  • Gənc musiqiçilərə hansı tövsiyyələri edərdiniz?

– Yaxından tanıdığım, yetişdirdiyim tələbələr olmaqla yanaşı, bütün gənc musiqiçilərə hər zaman bu fikirləri aşılamışam:

“Musiqinizi ifa edərkən ilk növbədə o musiqini özünüz yaşayın.”

“Elə məkanlar olacaq ki, konsert zamanı yaşanan hər hansı bir hadisəyə görə sizi kimsə dinləməyəcək. Amma o an belə həyatınızın ən gözəl ifasını yaratmağa çalışın. Çünki sizi görməsə belə, haradasa sizi dinləyən bir insan mütləq olacaq. Siz sadəcə onun üçün ifa edin.”

“Elə yaşayın, elə çalışın və elə izlər buraxın ki, o izlər sizdən sonra da, sizi yaşatsın.”

“Nə qədər böyük musiqiçi olsanız da, hər zaman sadə qalmağı bacarın.”

“Sizi sevən insanları siz də, sevin. Unutmayın ki, sevənləriniz olmasa, sizin varlığınız da, bu qədər dəyərli olmaz.”

“Bu sənəti sizdən əvvəl yaşadan, qoruyan böyüklərinizə qarşı hər zaman hörmətli olun.”

Mənim üçün bu prinsiplər təkcə nəsihət deyil, həm də, sənət yolunun əsas qaydalarıdır. Çünki musiqi yalnız ifa etmək deyil, həm də, yaşamaq, hiss etmək və ötürmək sənətidir.

  • Son bir neçə sual müxtəlif suallar olacaq. Hörmətli Əlixan bəy, memuar yazmısınızmı? Zəngin həyat yolunuzun hissələrini oxucularla bölüşmək istərdinizmi?

– Təəssüf ki, bu barədə hələ geniş şəkildə yazmamışam. İnşallah, zamanı və istəyi gələndə bunu da qələmə alacağam.

Sadəcə olaraq üç dildə hazırladığım “Balaban metodu” adlı bir kitabım var. Bu kitab balabanı öyrənmək istəyən bir çox musiqi həvəskarlarının müraciəti və xahişi əsasında ərsəyə gəlib.

Bundan sonra yaşadığım xatirələrim haqqında yazmağı da , düşünəcəm.
 

  • Övladlarının həyat yolunu seçməyə valideynlər müdaxilə edə bilərlərmi?

– Məncə, valideynlər övladlarının yerinə seçim etməməlidirlər.

Onlar sadəcə övladlarına doğru yolu göstərməli, dəstək olmalı və istiqamət verməlidirlər. Amma son qərar mütləq şəkildə uşağın özünə aid olmalıdır.

Valideynin ən böyük rolu övladını sevdiyi sahəyə yönləndirmək, onun potensialını görmək və həmin yolda yanında olmaqdır. Lakin seçim azadlığı verilmədikdə, insan öz yolunu tapmaqda çətinlik çəkir.

Düşünürəm ki, hər bir insan öz istedadını və marağını özü kəşf etməlidir. Valideyn isə bu prosesdə sadəcə bir bələdçi, bir dayaq olmalıdır.

  • Azərbaycan xalqının övladı olmaq bir qürurdur. Xüsusən 2020-ci ilin Zəfər savaşından sonra. Sizcə biz artıq dünyaya kim olduğumuzu deyə bilirik?

-  Sizinlə tam razıyam, bu çox sevindirici bir haldır.

İnanın, Sovet İttifaqı dağıldıqdan sonra əlimdə köhnə sovet pasportu ilə xaricə konsertlərə gedəndə tez-tez sərhəd keçidlərində saxlanılır, əlavə yoxlamalara məruz qalırdım. Bu da təbii ki, vaxt aparırdı və mən özümü çox narahat hiss edirdim. Ansamblımın digər üzvləri – əsasən Türk pasportu daşıyan musiqiçilər – rahat şəkildə keçid edərkən, mənim uzun müddət gözləməyim həm mənə çətin gəlir, həm də, bir az utanc hissi yaradırdı.

Bu gün isə şükürlər olsun ki, vəziyyət tamamilə dəyişib. Zəfər qazanmış bir xalqın nümayəndəsi kimi, bir çox ölkələrdə Azərbaycan pasportunu təqdim edərkən insanlarda hörmət və qürur dolu bir münasibət hiss edirəm. Hətta bəzi yerlərdə bu pasporta maraq və qibtə ilə yanaşdıqlarını da, açıq şəkildə görürəm.

Bu, əlbəttə ki, böyük bir tarixi dəyişimin nəticəsidir.

Bu yolda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir, qazilərimizə isə şəfa diləyirəm. Onların fədakarlığı sayəsində bu gün biz daha güclü, daha qürurlu bir şəkildə dünyada təmsil olunuruq.
 Həmçinin, Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət, qətiyyətli rəhbərliyi və xalqımızın birliyi sayəsində bu şanlı Zəfərə nail olduq.
İnşallah, bundan sonra övladlarımız sülh və əmin-amanlıq içində yaşayar, Azərbaycanımızı isə dünyanın hər yerində layiqincə və qürurla təmsil edərlər.

  • Hansı musiqi stili Sizə daha yaxındır: klassik ifaçılıq, yoxsa improvizasiya? Muğamda nə qədər klassik ifaçılığı saxlasan belə, improvizasiya qaçılmazdır. Hər bir ifaçını bu xüsusiyyət özünəməxsus edir.

– Balaban elə bir musiqi alətidir ki, ona ən çox yaraşan xüsusiyyətlərdən biri improvizasiyadır.

Hər bir musiqiçinin ifasında özünəməxsus bir nəfəs, özünəməxsus bir “nalə”si var. Bu da, ifanı digərlərindən fərqləndirir və ona fərdi bir ruh verir. Hansı musiqi olursa-olsun, improvizasiya ona xüsusi gözəllik qatır, onu daha canlı və daha təsirli edir.

Mənim üçün musiqi təkcə yazılmış notlardan ibarət deyil. O, hissdir, anıdır və ruhdur. Ona görə də, ruhumu oxşayan hər bir musiqini dinləyirəm və ondan ilham almağa çalışıram.

  • Azərbaycan gənc musiqiçilərinə uğurlu gələcək üçün nə tövsiyyə edirdiniz?

– Gənc musiqiçilərimiz bilməlidirlər ki, Azərbaycan musiqisi dünyanın dörd bir yanında sevilir, dinlənilir və yüksək dəyər görür. Xalq və bəstəkar yaradıcılığımızın saysız-hesabsız gözəl inciləri var. Ən vacib məsələ isə odur ki, seçilən əsər ifa edilən musiqi alətində öz gözəlliyini və ruhunu qoruyaraq səslənsin.

Mahnının köhnəsi və ya yenisi olmur. Əsl sənət əsəri zaman keçdikcə dəyərini itirmir. Mahnıya yenidən nəfəs verən, ona yeni ömür bəxş edən məhz musiqiçinin öz ifası, hissi və sənətkarlığıdır. Repertuarını bu prinsiplə seçən hər bir gənc musiqiçi, şübhəsiz ki, uğurlu gələcəyə doğru möhkəm bir addım atmış olacaq.

  • Dinə münasibətiniz necədir? İslam dini və musiqi mövzusu Sizə tanışdırmı? Serafim ata adlı bir kilsə xadimi var. Əslən gürcü və qədim assuriya xalqının nümayəndəsi sayılır. İsa peyğəmbərin danışdığı aramey dilində moizələr və dini mahnılar oxuyur. Bu ifalar bizim muğamlara çox bənzəyir. Sizcə dində musiqi varmı?

-Dinimizə hər zaman böyük hörmət və ehtiramla yanaşmışam. Maraqlandığım bir çox ayə və surələri oxumuş, onların mənəvi dərinliyi üzərində düşünmüşəm.

Mənə görə, musiqi ilə din arasında müəyyən bir bağlılıq da var. Məsələn, hər hansı bir din xadimi “Yasin” surəsini tilavət edərkən onun gözəl, təsirli və ürəyə toxunan səslənməsi üçün səsin ahəngindən, intonasiyasından və melodik axıcılığından istifadə edir. Bu da, göstərir ki, səs estetikası və musiqi elementləri insanın mənəvi duyğularına təsir edən mühüm vasitələrdəndir.

Türkiyədə təsəvvüf musiqisi və ilahilər əsrlərdir böyük sevgi ilə ifa olunur. Bildiyim qədərilə, Türkiyədə bir çox din xadimi Azərbaycan muğamını da, maraqla dinləyir və onun incəliklərindən faydalanır.

Yaxın vaxtlarda Çexiyada verdiyim konsertdən sonra mənim üçün çox təsirli bir hadisə baş verdi. Konsert bitdikdən sonra iki keşiş mənə yaxınlaşaraq dedilər: "Sizi hər gün dinləyirik. Sizi görmək üçün Bolqarıstandan bura qədər gəlmişik." Sonra birlikdə xatirə şəkli çəkdirdik. Ayrılarkən isə xidmət etdikləri monastırın 100 illiyi münasibətilə hazırlanmış qızıl xatirə pulunu mənə hədiyyə etdilər.

Bu hadisə mənə bir daha göstərdi ki, musiqinin dili, dini və sərhədi yoxdur. O, insanları fərqli inanclardan, fərqli mədəniyyətlərdən və fərqli coğrafiyalardan asılı olmayaraq bir araya gətirməyi bacarır.

Mən hesab edirəm ki, musiqi mənəviyyata xidmət edən ən güclü sənət növlərindən biridir. O, insanın qəlbinə toxunur, ruhunu zənginləşdirir və insanları bir-birinə daha da yaxınlaşdırır.

 

 

0feab6b6edc7b2d1501aed80164acde6.png

14cbca38969b99ce5046dcd2e6b9497f.png

 

  • Böyük şəxsiyyətlərin həyatinda onların həyat yoldaşlarının çox böyük müsbət rolu tarixdə tez-tez rast gəlir. Xanımınızın Sizin iş və şəxsi həyatınızda rolu çox böyükdürmü?

-Yazdığım hər yeni musiqini ilk olaraq ona dinlədirəm.

O, musiqiyə qulaq asarkən mən isə diqqətlə onun üz ifadəsini, reaksiyasını izləyirəm. Bəzən heç bir söz deməsinə ehtiyac qalmır. Onun baxışlarından və hisslərindən musiqinin necə qarşılandığını anlayıram.

Həyatımdakı rolu hər zaman çox böyük olub. Bunu xüsusilə də, ayrı qaldığımız zamanlarda daha yaxşı hiss edirəm. Elə olur ki, o, evdə qalır, mən isə başqa ölkədə oluram. Məhz həmin günlərdə onun gördüyü işlərin, mənə verdiyi mənəvi dəstəyin və həyatımı necə asanlaşdırdığının fərqinə daha çox varıram.

Evdə, studiyada işlədiyim zaman da, bunu çox gözəl bilir ki, yaradıcılıq prosesində məni narahat etmək olmaz. Səbirlə gözləyir, bəzən studiyanın qapısı arxasında musiqinin bitməsini dinləyir. İfam başa çatdıqdan sonra içəri daxil olub, yemək vaxtı olduğunu və ya istirahət etməyimin vacibliyini xatırladır.

Bütün bunlar bəzən kiçik görünə bilər. Amma sənət adamı üçün belə diqqət, anlayış və mənəvi dayaq əvəzsizdir. Elə buna görə də, həyatımda onun yeri hər zaman çox böyük və çox dəyərlidir.


- 15 yaşlı gənc Əlixan Səmədov 65 yaşlı ahıl Əlixan Səmədova nə sualı vermək istəyərdi və nə cavabı alardı?

  • İnsan yaşa dolduqca həyata baxışı da, dəyişir, təcrübəsi də, artır.

Bəzən düşünürəm ki, kaş bu günkü təcrübəm 15 yaşımda olsaydı. İnanın, bəlkə də, həyatda daha çox iş görər, daha böyük uğurlara imza ata bilərdim. Amma həyatın gözəlliyi də, elə bundadır – insan hər şeyi zamanla öyrənir, hər yaşın öz dərsi, öz hikməti olur.

Əgər mən özümə bir sual verməli olsaydım, belə soruşardım:

– Bu yaşınıza qədər həyat sizə nə öyrətdi?

Cavabım isə çox qısa və səmimi olardı:

– Həyat mənə çox şey öyrətdi. Amma öyrətdiyi ən böyük dərs öz yerimi bilməyi, həddimi qorumağı və hər zaman insan olaraq qalmağı oldu. Mənə görə, insanın qazandığı ən böyük təcrübə də, məhz budur.

 

- Sərbəst vaxtlarınızda ən çox sevdiyiniz məşğuliyyət?

- Əgər evdə, studiyamda işləyirəmsə, yorulduğum zaman bir az dincəlmək üçün internet üzərindən dünyanın müxtəlif ölkələrindən olan insanlarla bir dəqiqəlik şahmat partiyaları oynayıram. Bəzən də, film izləyərək fikrimi bir qədər yayındırıram.

Evdə olmadığım vaxtlarda isə dostlarımla görüşməyi, birlikdə qəhvə içməyi və xoş söhbət etməyi çox sevirəm.

Səyahət etmək, yeni şəhərlər və yeni məkanlar kəşf etmək də, mənim ən sevdiyim məşğuliyyətlərdəndir. Elə vaxtlar olur ki, boş vaxtımı dəyərləndirmək üçün İstanbuldan çıxıb başqa şəhərlərə gedir, gəzir, sonra yenidən İstanbula qayıdıram. Mənim üçün yeni yerlər görmək həm istirahət, həm də, ilham mənbəyidir.

Ümumiyyətlə, mən mütləq bir işlə məşğul olmalıyam. Hərəkətsiz qalmağı sevmirəm. Yaponların çox sevdiyim bir atalar sözü var:

"Tısbağa kimi də olsa, irəlilə. Dayandığın an həyat dayanır."

Bu söz mənə hər zaman böyük motivasiya verir. Çalışıram ki, həyatımın hər mərhələsində bu düşüncəyə sadiq qalım, addımlarım kiçik olsa belə, heç vaxt yerimdə saymayım.

 

-   Hansı yazarın kitabı Sizi daha çox təsirləndirib?

-Ən son oxuduğum kitab həmyerlimiz Azimə Ağalarovanın türk dilinə tərcümə olunmuş “Yıpranmış Hayallerin Peşinde” romanı olub.

İnanın, bu kitabı o qədər bəyəndim ki, hadisələrin gedişi məni ilk səhifələrdən özünə cəlb etdi. Müəllif süjeti elə maraqlı qurmuşdu ki, hər səhifəni çevirdikcə öz-özümə: "Görəsən, bundan sonra nə baş verəcək?" – deyə düşünürdüm. Elə bu marağın nəticəsi idi ki, kitabı bir günün içində bitirdim.

Kitabı oxuduqdan sonra təəssüratlarımı müəllifin özü ilə də, bölüşdüm. Ona yazaraq roman haqqında düşüncələrimi və nə qədər təsirləndiyimi səmimiyyətlə ifadə etdim.

Ümumiyyətlə, sıx iş qrafikimə görə kitab oxumağa həmişə istədiyim qədər vaxt ayıra bilmirəm. Amma yeni biliklər əldə etmək mənim həyat tərzimdir. Demək olar ki, hər gün mütləq nəyisə oxuyur, araşdırır və özüm üçün yeni məlumatlar öyrənməyə çalışıram. Məncə, insan öyrənməyi dayandırdığı gün inkişafı da, dayanır.
- Hansısa bir dünya mətbəxi nümunəsinə, eləcə də milli mətbəximizdən nəyəsə üstünlük verirsinizmi, sevdiyiniz yemək növü varmı?

– Xaricə qastrol səfərlərinə gedəndə çalışıram ki, getdiyim ölkənin milli mətbəxi ilə yaxından tanış olum.

Mənə görə, hər xalqın musiqisi kimi, mətbəxi də, onun mədəniyyətinin ayrılmaz bir hissəsidir. Hər ölkənin özünəməxsus dadı, özünəxas yeməkləri və kulinariya ənənələri var. Yeni bir ölkəni tanımağın yollarından biri də, məhz onun mətbəxini dadmaqdır.

Əvvəllər elə olurdu ki, bəzi yeməkləri yalnız görünüşünə görə bəyənmir, dadına belə baxmadan geri çevirirdim. Sonradan başa düşdüm ki, bu, düzgün yanaşma deyil.

Bir dəfə dostlarımdan biri mənə əvvəllər qəbul etmədiyim bir yemək haqqında ətraflı məlumat verdi və onu mütləq dadmağımı tövsiyə etdi. Dadına baxdıqdan sonra təəccüblə ona dedim: "Gör biz indiyə qədər nə qədər gözəl yeməkləri bilmədən geri çevirmişik."

Bu hadisə Yaponiyada baş vermişdi və mənə çox gözəl bir dərs oldu: insan bilmədiyi bir şeyi yalnız görünüşünə görə qiymətləndirməməlidir.

Amma Bakıya qayıdanda seçimim dəyişmir. Milli mətbəximizin ləziz yeməklərinə həmişə üstünlük verirəm. Çünki insan harada yaşasa da, doğma vətənin dadı, qoxusu və süfrəsinin yeri hər zaman başqadır.

 

  • Özünüz hansı musiqini dinləməyi sevirsiniz?

– Ruhumu oxşayan hər musiqini dinləyirəm.

Mənim üçün musiqinin janrından daha çox, onun insanda yaratdığı hiss önəmlidir. Elə musiqilər var ki, onları yalnız gecənin sakitliyində dinləmək istəyirsən. Elələri var ki, uzun yol gedərkən, avtomobil sürərkən insana ayrı bir zövq verir. Bəzi musiqilər isə sanki ruhun qidasıdır – insanı sakitləşdirir, düşündürür və daxilən zənginləşdirir.

Belə nümunələri çox sadalamaq olar. Məncə, ən vacibi musiqini doğru zamanda və doğru mühitdə dinləməyi bacarmaqdır. Hər anın, hər ovqatın və hər məkanın öz musiqisi var.

Musiqi insanın ruhuna toxunmalıdır. Əgər dinlədiyiniz musiqi sizi düşündürür, duyğulandırır və ya qəlbinizə rahatlıq gətirirsə, deməli, o musiqi öz missiyasını yerinə yetirib.

 

- Hansı bir şeiri ilk anda xatırlayardınız?

- Dahi şairimiz Səməd Vurğunun "Azərbaycan" şeiri mənim üçün xüsusi əhəmiyyət daşıyır. Həyatım boyu unutmayacağım əsərlərdən biridir. Bu şeiri hər dəfə oxuyanda Vətən sevgisini, milli ruhu və Azərbaycanın gözəlliklərini yenidən hiss edirəm.

Əslində, mən özüm də böyük həvəslə şeirlər yazıram. Sadəcə, indiyə qədər onları nəşr etdirməmişəm. Şeirlərimi oxuyan dostlarım və yaxınlarım çox bəyənirlər. Hətta tez-tez mənə deyirlər ki, "Şeirlərini kitab halında nəşr etdir, insanlar da, oxuyub faydalansınlar." Bu sözlər məni hər zaman ruhlandırır.

Yeri gəlmişkən, həyatından daim narazı olan, hər şeydən şikayət edən insanlar üçün türkçə yazdığım bir dördlüyü sizinlə də, bölüşmək istərdim:

Her kesin kaderi kendi elinde,
Kendi amelinde, kendi dilinde,
Ameli güzelse, dili güzelse,
Ömrünü sürecek sevgi selinde.

Mən həmişə inanmışam ki, insanın taleyini müəyyən edən ən vacib amillər onun əməlləri, davranışı və insanlarla rəftarıdır. Yaxşılıq edən, gözəl danışan və qəlbində sevgi daşıyan insan, gec-tez bunun qarşılığını da həyatında mütləq görəcək.

  • Sonuncu və ən maraqlı sual: Bütün arzularına çatan Azərbaycan Respublikasının xalq qartisti, virtuoz balaban ifaçısı, ustad Əlixan Səmədovun nə arzusu var?
  • Ən böyük arzum Bakıda bir evim olsa, onu “Balaban evi” etməkdir. Belə bir ev-mərkəzdə  təkcə balabanın deyil, həm də Azərbaycanın bütün nəfəsli musiqi alətlərinin ifaçılığının tədrisini, milli musiqmizin öyrənilməsini təşkil etmək olardı. Bizim çox gözəl istedadlı klarnet, tütək ifaçılarımız var. Musiqiçilərin bir-biri ilə fikir və təcrübə mübadiləsi etməsi, sənət sirrlərinin bölüşdürülməsi, milli musiqimizin elmi şəkildə öyrənilməsi belə bir mərkəzdə çox gözəl olardı.
  • Əziz ustad, bu çox dəyərli müsahibə üçün təşəkkür edirəm. Güman edirəm ki, həm misiqi ictimaiyyətimiz, həm də mədəniyyətimizlə maraqlanan hər kəs üçün çox dəyərli bir müsahibə olacaq. Sizə can sağlığı, ailə səadəti və yeni böyük yaradıcılıq uğurları arzu edirəm.
     

 

 

Ülvi Huseyn,  Krasnodar-İstanbul, iyul, 2026.