Qəşəm İsabəyli : - DÜNYANI SƏNƏ VERİBLƏRMİ HEÇ

YAZARLAR 12:44 / 06.07.2026 Baxış sayı: 281

 

(hekayə)

Haçansa dünyanı bir anlıq da olsa veriblərmi sənə?! Bu anın ləzzətini bütöv bir gün yaşamısanmı heç?!

Öz yanımdan deyə bilərəm ki, mən dünyanın mənə verildiyinin dəfələrlə şahidi olmuşam.

Orta məktəbdə oxuyurdum. Gündəlik mətbuata əlimiz çatmasa da, dörd gündən bir, beş gündən bir, ya da həftədə bir dəfə ölkənin qəzet-yurnalları gəlirdi qapımıza. Dörd para kəndin bir poçtçusu vardı Əli kişi adında. Amma mən ona “Əli dayı” deyirdim.

Bir stəkan suyumuzu içib, bir tikə çörəyimizi dadmayan Əli dayı az qala qohum-qonşumuzdan daha əziz idi mənə.

İndiki kimi yadımdadır, qəzet gələn günü səhər açılandan qulağa dururdum. Bir də eşidirdim küçədən at ayaqlarının tappıltısı gəlir, tez özümü atırdım eyvana.

–Eheyyy... – Əli dayı idi. Bu çağırış da “gəl apar qəzetlərini!” demək idi.

At ayaqlarının tappıltısının qulaqlarımı oxşayan ritmi uzaqlaşmamış doqqazımızın qabağında olardım. Az qalırdı özümü kol-kosun üstünə atım. Bir topa qəzet hələ də yarpaqların

üstündə titrəyirdi...

Qəzet topasını qapıb, qaçırdım evə.

O günü Əli dayı mənə dünyanı verirdi!

Mən həmin dünyanın bir qapısından girib, səyyah kimi o biri qapısından çıxırdım. Onda nə götürdüyümü bilməsəm də, indi baxıram ki, çox şey götürürəmmiş.

Artıq on illərdi Əli dayı da yoxdu həyatda, yayın istisində, qışın soyuğunda ona yoldaşlıq eləyən qurd yerişli atının sümükləri də, Allah bilir, hansı dərədəsə çürüyür indi. Amma hələ də qəzetlər var. Hələ də köşkdən qəzet alanda, ilk yadıma düşən Əli dayının “Eheyyy...” nidası olur, bir də at ayaqlarının tappıltısının qulaqlarımı oxşayan ritmi.

İndi də elə bilirəm Əli dayının mənə bəxş elədiyi dünyanın içindəyəm.

29.06.2026

Y