Əbülfət Mədətoğlu - GÖZLƏDİM
Açılmadı bəxtin ümid çiçəyi
Neçə gündüz, neçə gecə gözlədim...
Ağardaraq bu yolda saç- birçəyi -
Qoşulmadan , heç bir köçə, gözlədim...
Pərvanənin Vüsal andı şamdadı,
O həsrəti yanmaq ilə tamladı...
Güman özü zərrədi, ya damladı -
Onları da seçə- seçə gözlədim...
Zaman -zaman görüşmədən, görmədən
Baxışımla saçlarını hörmədən...
Hisslərimi qapatdığım türmədən -
Çıxarmadan , demədən heç, gözlədim!
Gözlərimə qan sızdırıb, qan, keçdin...
Ya bilmədin, ya da bilib yan keçdin!..
Əbülfətdən işıq tək hər an keçdin -
Allah bildi, səni necə gözlədim...