Saqif Qaratorpaq - Sən yaxşı bilirsən
***
Sən yaxşı bilirsən,
Necə oda yaxmaq olur bir ürəyi,
Necə yıxmaq olur
Bir könül evini gülə-gülə.
Necə çevirmək olur
Bir sevda şəhərini viranəyə,
Bir aşiqi divanəyə.
Sən yaxşı bilirsən,
Göz yaşında necə batır
Ümid gəmisi,
Vaxtsız itirəndə bir kəsi.
Bir qəfil gedişlə,
Bir soyuq öpüşlə
Necə dağıtmaq olur
Bir qalanı içindən.
Sən yaxşı bilirsən,
Gedənlər,
Geri qayıtmır bir də...
Arxasınca
köks otürmək qalır adama.
Pərvanələr necə vurur
özünü şama,kül olur,
Səssiz,soraqsız,
Adsiz,ünvansız.
Sən yaxşı bilirsən,
Bircə baxışla can almağı,
Qansız- filansız...
Ağ əllərində
Necə aşiqin qanı var görəsən?
17.11.2026