Kəmaləddin Qədim -  AÇ QAPINI, ÖRT QAPINI...

Ədəbiyyat 10:30 / 06.07.2026 Baxış sayı: 377

Bu gün Akif Səmədin ölüm günüdü...Ölümündən bir müddət sonra yazdığım bu şeiri xatırladım:

 

"Akif Səmədə məktublar" silsiləsindən

Dürdanən, dürrün görünür,

Gizlinin, sirrin görünür.

Ay Akif, yerin görünür,

Aç qapını, ört qapını...

 

Əyməkdədi qəddi gələn,

Yamanca namərddi gələn.

Dərddi, həmin dərddi gələn,

Aç qapını, ört qapını...

 

Yox Şuşadan xəbər, qardaş,

Dözürük birtəhər, qardaş.

Həmindi bu şəhər, qardaş;

Aç qapını, ört qapını...

 

Həyat belə, ömür belə,

Çıxmayır səs-səmir belə.

Tanrı verən əmr belə;

Aç qapını, ört qapını...

 

Könlümüzə yatmır evin,

Yatırdır, oyatmır evin.

Havası da çatmır evin,

Aç qapını, ört qapını...

 

Fələk, ölüm nəmənədi,

Gələk-ölüm nəmənədi?

Görək ölüm nəmənədi,

Aç qapını, ört qapını...