Ramiz Qusarçaylı - Torpaq

Ədəbiyyat 10:04 / 06.07.2026 Baxış sayı: 381

 

Torpağın altına düşürəm səhər,

Torpağın üstünə çıxıram axşam.

Duyanım olmayıb bu torpaq qədər,

Torpaqsız özüm də duyulmamışam.

 

Üstdən buxovlanır, altdan sökülür,

Daş-daş, kömür-kömür daşınır torpaq.

Dinirəm, səsimdən torpaq tökülür,

Susuram, dil açıb danışır torpaq.

 

Bir ovuc torpağa dönüb yerində,

Üstünə düşəni göyərdir ürək.

Torpaq daşıyıram kipriklərimdə,

Bir gün gözlərim də çiçəkləyəcək.

Məni fikir-fikir əyirir torpaq,

Əyri cığırları kəsə çıxıram.

Dərinə getdikcə böyüyür torpaq,

 

Dərinə getdikcə üzə çıxıram...

İllərin qədəmi yeyin, çox yeyin,

Günüm ötüşməmiş alır ayımı.

Ölsəm, gözlərimə torpaq tökməyin,

Yeyib qurtarmışam torpaq payımı.

 

Üzümü şumlayır alnımın təri,

Bir daşa söykənib dağ yarıram mən.

Torpağın üstündə itən günləri

Torpağın altında axtarıram mən.

 

Eh, bu da taleyin yeni döngəsi,

Yenə qar olacaq, şaxta olacaq.

Vətəndə öz yeri olmayan kəsin,

Qürbətdə məzarı şaxta olacaq.

 

Dolub gözlərimə ovunur torpaq,

Axşama az qalıb, dözüm birtəhər.

Bir azdan mənimçün Günəş çıxacaq,

Bir azdan mənimçün doğacaq səhər...

 

Donetsk, 1988