SÜLEYMAN   ABDULLADAN   İKİ ŞEİR

Ədəbiyyat 13:44 / 07.07.2026 Baxış sayı: 323

GÖY ÜZÜNƏ YAZILAN ŞEİR

 

Ağa çıxdı söz yığını,

Dinmədi aha göy üzü.

O adamın işığını

Saxla sabaha, göy üzü.

 

Kimin idi tanrı yarı,

Getmək olmur haqqa sarı.

Görəndən üzü bozları,

Bozarmaz daha göy üzü.

 

Haqq varmı göyə çəkilə,

Varsa düşüb min şəkilə.

Baxmaz vəzirə, vəkilə,

Yarınmaz şaha göy üzü.

 

Barı yola dəyə şükür,

Kim dilədi nəyə şükür.

Yerdəki bəndəyə şükür,

Şükür Allaha, göy üzü.

 

BİLMƏK OLMUR

 

Olmur adamları bilmək,

Qeybətdir olan ağ yenə?

Köhnədən nə varsa silmək,

Sıfırdan başlamaq yenə!

 

Bir ada imrənir hər səs,

Nə güzar et, nə də giley.

Özünə qayıdır hər kəs,

Özünə qayıdır hər şey...

 

Dünyanın əzabıdı bol,

Çəkən hər hissə qapılmaz.

Getməyə elə çoxdu yol,

Gəlməyə cığır tapılmaz.

 

Olmur gülmək hər yetənə

Hər çatana ağlamaq da.

Yox, yaraşmır sənə, mənə

Umu-küsü saxlamaq da...

 

Həyat dediyin nədir ki, -

Yarı qanmaq, yarı bilmək.

Olandan ibrət götür ki,

Olmur adamları bilmək!