Nazim Əhmədli- MƏNİ MƏN ELƏDİN ALLAH
Dünya nə cür olub görən,
göyüm, göyüzüm olmamış;
burda kim yaşayıb, ölüb
yer üzü bizim olmamış;
alnıma baxdım yazılıb,
baxtımın taxtı yazılıb;
ömrümün vaxtı yazılıb,
yazılıb, özüm olmamış;
mən necə xalıq olmuşam,
buz tutub, donuq olmuşam;
dəryada balıq olmuşam,
dəryam, dənizim olmamış;
Ay üzünə tutdun məni,
su üzünə qatdın məni;
Yer üzünə atdın məni,
Yer üzü nazil olmamış;
dərdi dənələdin, Allah,
ömrü sənələdin, Allah;
məni mən elədin, Allah
mən hələ Nazim olmamış.
01.05.2002.Bakı şəhəri.