Ayaz Arabaçı -  Doğma ofisdən..

YAZARLAR 17:15 / 07.07.2026 Baxış sayı: 124

 

Bu gün işlərimin bir qismini cani-dildən gördüm, bir qismini isə necə deyərlər, yola verdim..

Neçə gündür ki bu tərəflərdən bir şey paylaşmıram. Əvvəl 28-dəki kitab mağazasına baş çəkdim bir neçə kitab aldım. Sonra gözüm fizika kitabına sataşdı. Ümumi dərslik kitabı idi. Yadıma düşdü ki, axı mən ixtisasca fizikəm. Bu istiqamətdə işlərimi yürütməsəm də fizika ya olan marağım, həvəsim itməyib.

Düzdü, yazı-pozu, ədəbiyyat başımı elə qatıb ki, çox vaxt fizik olduğumu unutmuşam. Bilmirəm necə izah edim, ya fizika itirib, ədəbiyyat qazanıb. Ya da ikisi də əlimdən vayqanlı qalıb. Əslində isə fizikanın özündə ədəbiyyatdan daha çox lirika var. Fərq ondadır ki, şair duyğularını sözlərlə ifadə edir, fizik isə kainatın şeirini düsturlarla. Hər ikisi görünməyəni görməyə, hiss olunmayanı hiss etdirməyə çalışır..

Fizikanın hər sahəsi özlüyündə maraqlıdır. Amma poeziyaya, Tanrıya daha yaxın olanı kvant fizikasıdır.

Mənə elə gəlir ki, insan kvant fizikasını öyrənməyə başlayanda sadəcə bir elm sahəsini deyil, tamamilə başqa bir düşüncə tərzini kəşf edir. Burada məntiq gündəlik həyatdakı kimi işləmir. Atomların və elektronların səssiz aləmində hər şey ehtimalla nəfəs alır. Orada qəti həqiqətlərdən çox, mümkün həqiqətlər yaşayır.

Kvant fizikası mənə həmişə şeiri xatırladır. Şeirdə hər misranın görünən mənasından başqa gizli bir qatı olduğu kimi, kainatın da hər zərrəsinin arxasında görünməyən bir sirr yatır. Elektronun dalğa kimi davranması, işığın həm hissəcik, həm də dalğa olması, müşahidənin nəticəyə təsir etməsi... Bunların hər biri sanki kainatın yazdığı metaforalardır.

Bəlkə də buna görə fizika mənim üçün heç vaxt quru düsturlar toplusu olmayıb. O, ulduzların səssiz dili, atomların pıçıltısı, işığın yazdığı görünməz bir poema olub. Mən hər düsturda bir misra, hər qanunda bir ritm, hər kəşfdə isə insan təfəkkürünün sonsuzluğa uzanan cəsarətini görmüşəm.

Kvant fizikası da bir növ sevgilimdir.. Mən onunla yalnız bir fizik kimi deyil, həm də sözün sehrinə inanan bir ədəbiyyat adamı kimi davranıram. Kainatı anlamağın yolu misralardan keçdiyi kimi tənliklərdən,düsturlardan da keçir.

Görünməyən aləmin sirri kvant fizikasındadır.

O, gözlə görünməyən, atom və atomaltı hissəciklərin qəribə, lakin dəqiq qanunlarla idarə olunan dünyasını öyrənir.

Kainat düşündüyümüzdən daha mürəkkəb və daha heyrətamizdir. Bunu hər zaman alimlər dönə - dönə vurğulayır. Hər yeni kəşf bizə yalnız yeni qapılar açmır, həm də saysız-hesabsız suallar doğurur. Məhz buna görə elm heç vaxt bitməyən bir yolçuluqdur.

Kvant fizikası bizə onu öyrədir ki, kainatın ən kiçik zərrəsində belə böyük bir hikmət gizlənir. İnsan isə bu hikməti dərk etməyə çalışan, suallar verməkdən yorulmayan bir yolçudur.

Mən əslində heç nə yazmadım, sadəcə sevdiyim insanların yaddaşını təzələdim..