Bəhruz Niftəliyev - Gözlərinin kənarında gizlənən
Gözlərinin kənarında gizlənən
qırışlarda kədər mənəm, kədər mən.
Günəş batır, ay doğulur — qaranlıq
ürəyinə çökən mənəm, çökən mən!
Tanrı qəlbi döyünmək üçün veribdi,
ya ruhumla döyüşmək üçün veribdi?
Taleyimi dəyişmək üçün neynibdi?
Həsrətini çəkən mənəm, çəkən mən.
Rüzgar ehmal ötə bilər yanından,
Yanağından öpə bilər yalandan.
Mən bilirəm, gecə-gündüz ağlından
o sərasər keçən mənəm, keçən mən!
Qoxun gələr, bihuş olar bədənim,
Yaddan çıxar abrım, həyam, ədəbim.
Əlin dəyən, ətrin hopan badənin
son damlasın içən mənəm, içən mən!
Nə yadınam, nə doğmalıq qalıbsa,
Yaddaşında bir axmaqlıq qalıbsa,
Bizim sevgi bir adamlıq olubsa,
təmənnasız sevən mənəm, sevən mən!
08.07.2026