Yadigar Təvəkgül - Ümudləri boşa çıxan sevginin ...

Ədəbiyyat 15:30 / 20.05.2026 Baxış sayı: 232

Ümudləri boşa çıxan sevginin ,

Ağrısından bir xəbərin varmı, de .

Dağ bildiyin, inandığın insanın ,

Zirvəsində o ağaran qarmı de.

 

Bu sevgidə yazılmayan qismətin ,

Ürəyinə kökün salan həsrətin .

Bu taleyin, bu acının ,möhnətin,

Budağında o görsənən barmı, de.

 

Təbiətin saçlarını qoparan,

Göyü yerə, yeri göyə aparan .

Nəfəsiylə ürəyimi çıxaran,

Külək kimi qapı döyən yarmı, de.

 

Dəniz olub ,coşub-daşıb, çağlayan,

Eşq yağışı gözlərimdə ağlayan.

Ürəyimi ürəyinə bağlayan ,

Yadigardan bir xəbərin varmı, de