Məmməd Qədir - Bənövsə
Əlləri üşüyən qışın gül hüsnü,
Baharın bəhəri, barı bənövsə.
Dərdindən cücərib kola dönmüsəm,
Qısıl qanadıma ,barı, bənövsə.
Hüsnünü görənlər od tutub yandı,
Qarşında diz çöküb məlul dayandı,
Varlığın şaxtaya, qışa qiyamdı,
Gör necə əridib qarı bənövsə.
Koluma arxalan, çölümdə gizlən,
Ovcumda isinib əlimdə gizlən,
Ürəyimə söykən, könlümdə gizlən,
Sənə tərəf uçur arı, bənövsə.
Görkəmin coşdurur, həyəcan verir,
Kəpənək keçinir, arı can verir,
Sevgində şəhidəm, yaram qan verir,
Oxşa ləçəyinlə sarı, bənövsə.
Hüsnünə görədir min bir oyunum,
Cəhənnəm dünyada cənnətdir qoynun,
Sənə heyran olub büküldü boynum,
Bax, yarı adamam, yarı bənövsə ...