"İki  ölkə  arasında möhkəm hüquqi və siyasi baza formalaşdırıb".- Tahir  Rzayev, millət  vəkili

SİYASƏT 20:50 / 22.08.2026 Baxış sayı: 303

 

Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibə iki ölkə arasında dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin bugünkü səviyyəsini, əldə olunan nəticələri və inkişaf perspektivlərini hərtərəfli əks etdirir. Müsahibədə səsləndirilən fikirlər Azərbaycan-Özbəkistan əlaqələrinin real göstəricilərinə əsaslandığını və ikitərəfli münasibətlərin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bir daha nümayiş etdirir.

Yenises.az  bildirir  ki,  bunu   AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev söyləyib.

O bildirib ki, Azərbaycan ilə Özbəkistan arasında qarşılıqlı etimada, ortaq tarixə, mədəni yaxınlığa və milli-mənəvi dəyərlərə əsaslanan münasibətlər ildən-ilə genişlənir və möhkəmlənir. Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamənin, müttəfiqlik münasibətləri haqqında Müqavilənin imzalanması, Ali Dövlətlərarası Şuranın təsis edilməsi, qarşılıqlı səfərlərin intensivləşməsi, eləcə də iqtisadi-ticari, nəqliyyat-logistika, energetika, mədəniyyət və turizm sahələrində əməkdaşlığın genişlənməsi əlaqələrin hərtərəfli inkişafı üçün möhkəm hüquqi və siyasi baza formalaşdırıb.

“Prezident İlham Əliyevin Özbəkistana, Prezident Şavkat Mirziyoyevin isə Azərbaycana səfərləri dostluq və qardaşlıq münasibətlərinin möhkəmləndirilməsində, mühüm məsələlərin müzakirəsində və qarşılıqlı maraq doğuran məsələlərlə bağlı vahid yanaşmaların müəyyənləşdirilməsində mühüm rol oynayıb. Bu səfərlər, eyni zamanda, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın inkişafına da mühüm töhfə verib”, - deyə deputat vurğulayıb.

O qeyd edib ki, son illərdə iki ölkə arasında iqtisadi-ticari əməkdaşlıq da sürətlə inkişaf edir. 2025-ci ildə ticarət dövriyyəsinin əvvəlki illə müqayisədə üç dəfədən çox artaraq 795 milyon dollara çatması münasibətlərin iqtisadi potensialının mühüm göstəricisidir. Energetika, yaşıl enerji, tranzit daşımalar, mədəni-humanitar əlaqələr, təhsil, media və turizm sahələrində əldə olunan nəticələr Azərbaycan-Özbəkistan əməkdaşlığının çoxşaxəli xarakter daşıdığını göstərir.

T.Rzayevin sözlərinə görə, Azərbaycan və Özbəkistan Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığa xüsusi əhəmiyyət verir və təşkilatın fəaliyyətində fəal iştirak edirlər. Prezident İlham Əliyevin müsahibəsində də qeyd etdiyi kimi, iki ölkə Türk Dövlətləri Təşkilatını yalnız dövlətlərarası əməkdaşlıq platforması kimi deyil, həm də ortaq tarix, mədəniyyət və mənəvi dəyərləri gələcəyə daşıyan mühüm birlik kimi qiymətləndirir.

“Bu baxımdan, Azərbaycan-Özbəkistan münasibətləri yalnız ikitərəfli əlaqələr kontekstində deyil, daha geniş Türk dünyasının birliyi və əməkdaşlığı baxımından da xüsusi əhəmiyyət daşıyır. Ölkələrimizin qarşılıqlı dəstəyi, siyasi iradəsi və strateji yanaşması Türk Dövlətləri Təşkilatının daha da güclənməsinə, üzv dövlətlər arasında əlaqələrin dərinləşməsinə mühüm zəmin yaradır”, - deyə T.Rzayev əlavə edib.

Deputat vurğulayıb ki, Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya dövlətləri ilə münasibətlərin inkişafı mühüm istiqamətlərdən biridir. Azərbaycanın maraqları yalnız Özbəkistanla ikitərəfli əlaqələrin inkişafı ilə məhdudlaşmır. Ölkəmiz Mərkəzi Asiya dövlətləri ilə siyasi dialoqun genişləndirilməsində, iqtisadi əlaqələrin dərinləşdirilməsində, nəqliyyat və kommunikasiya imkanlarının artırılmasında, enerji və humanitar sahələrdə əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır.

“Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında genişlənən əməkdaşlıq həm ölkələrimizin inkişafına, həm regional əlaqələrin möhkəmlənməsinə, həm də təhlükəsizlik və sabitliyin təmin olunmasına mühüm töhfə verir. Bu prosesdə Azərbaycan-Özbəkistan münasibətləri xüsusi yer tutur. Ölkələrimiz arasında formalaşmış qarşılıqlı etimad və siyasi iradə gələcəkdə yeni birgə layihələrin həyata keçirilməsi, iqtisadi və humanitar əlaqələrin daha da genişləndirilməsi üçün əlverişli imkanlar yaradır”, - deyə parlamentari bildirib.

T.Rzayev, həmçinin qeyd edib ki, Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafı Türk dövlətləri arasında həmrəyliyin möhkəmlənməsinə də mühüm təsir göstərir. İki ölkənin müxtəlif sahələrdə uğurlu əməkdaşlığı digər Türk dövlətləri ilə əlaqələrin genişləndirilməsi və ortaq təşəbbüslərin həyata keçirilməsi baxımından da əhəmiyyətlidir.

“Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibə bir daha göstərdi ki, Azərbaycan-Özbəkistan dostluğu və qardaşlığı möhkəm təməllərə əsaslanır. Qarşılıqlı etimad, siyasi iradə və ortaq dəyərlər üzərində qurulan bu münasibətlər bundan sonra da yüksələn xətlə inkişaf edəcək. İki ölkənin mövcud potensialdan səmərəli istifadə etməsi yeni əməkdaşlıq imkanlarının reallaşdırılmasına, xalqlarımızın rifahının daha da yüksəldilməsinə və Türk dünyasının birliyinin möhkəmlənməsinə xidmət edəcək”, - deyən T.Rzayev fikrini yekunlaşdırıb.