Kəmaləddin Qədim - BU YAŞ BİR AĞLAMALIQ, BİR GÖZLÜK YAŞ DEYİLMİŞ...

Ədəbiyyat 10:33 / 07.10.2026 Baxış sayı: 536

 

Bu dolu elə dolu,

boş elə boş deyilmiş...

Baxma, sənə xoş gələn

kiməsə xoş deyilmiş...

 

Təkindən dəst olmadı,

Gəzilən rast olmadı.

Qardaşdan dost olmadı,

dost da qardaş deyilmiş...

 

Bilinməyir adı, kim,

Doğması kim, yadı kim.

Bu necə sevdadı ki

canından baş deyilmiş?..

 

Bacarırsan qadam, de,

Yaradıb Yaradan de;

Adamına adam de,

daşına daş deyilmiş...

 

Yolu yox haqlamalı,

Əyləyib, saxlamalı.

Bu yaş bir ağlamalıq,

bir gözlük yaş deyilmiş...