Qəşəm Nəcəfzadə - Mən

Ədəbiyyat 11:59 / 07.10.2026 Baxış sayı: 811

 

Bir az dodağımı büzmüş kimiyəm,

Bir az əsəbiyəm, bir az kinliyəm.

Neçə cığır ölüb ayaqlarımda,

Neçə nəğmə sönüb dodaqlarımda.

Solğun əllərimdə bir uşaq ölüb,

Üstümdə, başımda yaraşıq ölüb.

Üzüm tək qırışıb paltarlarım da,

Körpə addımıdı addımlarım da

Anam yox, qolumdan tutub gəzdirə

Qonşu qız da yoxdur gözün süzdürə.

Çoxdan öldürmüşəm xatırələri,

Indi bir sümüyəm, bir dəki dəri.

Sümüyün sağ olsun demişdin mənə.

Nə gözəl demişdin, təşəkkür sənə.

Şeir də yazmıram cəhənnəm olsun.

Qoy şirin yuxular gözümə dolsun.

Atdım əllərimi göyün üzünə,

Atdım ayağımı çölün düzünə.

Gözümü çıxarıb dənizə atdım,

Gözümün yaşını dənizə qatdım.

Qopardım başımdan qulaqlarımı,

Didib parçaladım dodaqlarımı.

Yolub saçlarımı küləyə verdim

Yorğun ürəyimi Günəşə sərdim.

Məni insanlıqdan çıxart, ay allah,

Məni öz – özümdən qopart, ay allah.

Mən nə sevgiliyəm, nə də ki, ərəm.

Mən bir az da xeyirəm, bir az da şərəm.

Bir damcı torpağam, bir damcı sözəm,

Bir damcı havayam, bir dancı tozam.

Adam şəklində yoxam, itmişəm,

Damcı şəklində göydə bitmişəm

Görsən toz dənəsi əlini öpür,

Götür qucağına, tez məni götür