Əlirza HƏSRƏT - SONBAHARDA AÇAN GÜL
Yenə qayıdıb gəldi,
Ah,bu gəzəyən payız.
Sarı naxışlarıyla,
Bizi bəzəyən payız.
Sən Günəş ol,mən torpaq,
Gəl sevda xəbərinlə.
Xumarlansın ruhumuz,
O gur şəfəqlərinlə.
Uzaqdan əl eləyir,
Buludlar dola-dola.
Bir yarpaq çətir tutum,
Sonam,gəzək qol-qola.
Yolumuzun üstündə,-
Nə gözəl durub payız.
Bizə durna ahından,-
Bir evcik qurub payız.
Düşən son yarpağı da,
Torpaq çəkib üstünə.
Sonbaharda açan gül,-
Dönər payız büstünə.