Adilə Nəzər - DƏRDİ VAR

Ədəbiyyat 12:35 / 07.10.2026 Baxış sayı: 774

 

Adamın adam dərdi,

Quşun da quş dərdi var,

Gəlməsin, kimsə dərdə,

Gələrsə tuş, dərdi var...

 

Bəndəlik eləməkçün

Savabla yu, hər suçun.

Dərdi unutmaq üçün

Mey olsa, nuş, dərdi var...

 

Gözün giryan yerində,

Ruhun üryan yerində

Yurdun viran yerində

Gəzər bayquş, dərdi var...

 

Meydi, içib gedirlər,

Yoldu, keçib gedirlər...

Bir-bir köçüb gedirlər,

Bir az tay-tuş dərdi var…

 

Tanrının quşu varsa,

Quşun da huşu varsa...

Sevginin xoşu varsa,

Xoşun da xoş dərdi var...