Şakir Xanhüseyinli - HƏR KƏS ÖZÜ ÖZ ÜFÜQÜ
sənin üfüqlərin geniş,
elə sanırlar dardı, dar.
hansı ağıla sığdıraq
bu genişlikdə darlıq var...
üfüqlərin düz bağrında-
çox uzaqda bir şam yanır;
bəlkə göydə bir ulduzun
xatirəsi alovlanır?
kimin göyü çətir boyda;
kiçikcə, uşaq çətiri...
baxsan, birdi səmanın da,
xəyalın da üfüqləri...
bir qəminə göz yetir də;
sinədə dağ, gözdə çəndi...
fikrin hüdudu, sərhəddi
üfüqləri də keçəndi...
köhnəlib nimdaşlaşmaq var,
bircə sözlə təzə-tərik.
səmadan üfüqlər baxır,
biz də
yerdə üfüqlərik;
hər kəs özü öz üfüqü,
hər kəs özünə əlçatmaz;
elə bir an yaranar ki,
heç yaxana da əl çatmaz...
darmı üfüqün? bəs necə
qəlbinə dünyalar sığır?
ilk addımından başlayır
üfüqünə gedən cığır...
ayağını ayağından
ayırdınmı, anında da
üfüqlərin birdən-birə
sanki genişlənir, bax ha...
yolun sonsuzdan sonsuza--
sözdən sözə, səsdən səsə;
daraldır üfüqlərini
bəzən qəlbindəki qüssə...