Sədaqət KƏRİMOVA - O, ƏSL ARISTOKRAT İDİ
Ədəbiyyatda tərcüməçilik xüsusi istedad və böyük məsuliyyət tələb edən sənətdir. Tərcüməçi yalnız sözləri başqa dilə çevirən insan deyil; o, bir xalqın ədəbi düşüncəsini, hisslərini və mənəvi dünyasını başqa xalqa çatdıran körpüdür. Bu sənətin ən gözəl nümayəndələrindən biri də Səyavuş Məmmədzadə idi.
Tanınmış Azərbaycan şairi Səyavuş Məmmədzadə Azərbaycan ədəbiyyatının rus dilinə tərcüməsi sahəsində böyük xidmətlər göstərmişdir. Rus dilini mükəmməl bilməsi, bu dilin incəliklərinə dərindən bələd olması ona Azərbaycan sözünün gözəlliyini və zənginliyini rusdilli oxucuya yüksək səviyyədə çatdırmağa imkan verirdi. Onun tərcümələrində dil bilgisi ilə yanaşı, milli ruhu qorumaq bacarığı da özünü göstərirdi. Səyavuş Məmmədzadə əsərin yalnız mətnini deyil, müəllifin düşüncə tərzini, duyğularını və üslub xüsusiyyətlərini qorumağa çalışırdı. Məhz buna görə onun gördüyü işlər orijinallığı, dəqiqliyi və bədii səviyyəsi ilə seçilirdi.
Səyavuş Məmmədzadə mənim də üç kitabımın tərcüməçisi və redaktoru olmuşdur. Onun diqqətli yanaşması, sözə münasibəti və yüksək ədəbi zövqü mənim üçün böyük məktəb idi. Belə insanlar yalnız əsərə düzəliş vermir, həm də müəllifə yaradıcılıq yolunda istiqamət göstərirlər.
Səyavuş müəllimlə söhbət etmək xüsusi bir zövq idi. Onun danışığında böyük həyat təcrübəsi, zəngin dünyagörüşü və əsl ziyalı mədəniyyəti hiss olunurdu. Azərbaycan ədəbiyyatının və incəsənətinin tanınmış nümayəndələri onunla görüşməkdən, onun maraqlı söhbətlərini dinləməkdən zövq alırdılar. Onun evi sanki bir ədəbi məclis, fikir və mədəniyyət ocağı idi. Mən də həmin görüşlərin iştirakçısı olmaq xoşbəxtliyini yaşamışam.
Səyavuş Məmmədzadə yalnız istedadlı sənətkar deyil, həm də gözəl insan idi. Onun xarici görünüşündə, davranışında, danışıq tərzində xüsusi bir aristokratlıq vardı. Bu aristokratlıq var-dövlət və ya zahiri görünüş deyil, yüksək mədəniyyət, savad, nəzakət və insanlara hörmət idi.
Ömrünün son illərində ağır xəstəliklə mübarizə aparmasına baxmayaraq, o, sevdiyi işdən ayrılmadı. Sözə və ədəbiyyata bağlılığı ona güc verirdi. Axı əsl sənət adamları üçün yaradıcılıq sadəcə fəaliyyət deyil, həyat mənasıdır. Səyavuş Məmmədzadə də son nəfəsinə qədər bu amala sadiq qaldı.
O, dünyadan 86 yaşında köçdü. O vaxtdan artıq dörd il keçir. Lakin bəzi insanların yoxluğu illər keçdikcə daha çox hiss olunur. Çünki onların yeri yalnız bir insanın yeri deyil, bütöv bir mənəvi aləmin yeridir. Allah rəhmət eləsin!