Bəhram Bilaloğlu - Elə həqiqətlər var ki...
İnsanın həyatda axtardığı hər şey tapılmaq üçün yaradılmayıb. Bəzən axtardığımız bir həqiqətin özündən çox, onun dağılan parçalarında gizlənən mənanı tapırıq. Çünki elə həqiqətlər var ki, bütöv halda özünü göstərmir. Onun görünməsi üçün zamanın sərt əli toxunmalı, saxta bütövlük parçalanmalı, zahirin arxasında gizlənən batin üzə çıxmalıdır.
Hər dağılma məhv olmaq deyil. Bəzən dağılmaq həqiqətin başlanğıcıdır.
Elə bir həyat yaşayırıq ki, çox şeyi bütöv görmək istəyirik. Bütöv ailə, bütöv cəmiyyət, bütöv münasibət, bütöv insan... Amma zahirdə bütöv görünən hər şey daxilən də bütöv olmur. Bəzən divar yerindədir, amma təməl çoxdan çatlayıb. Bəzən söz yerindədir, amma mənası itib. Bəzən təbəssüm üzdədir, amma qəlbdə heç bir sevinc qalmayıb.
İnsan ən çox da öz yaratdığı görüntünün içində itir.
Zahiri bəzəyirik, batini isə unuduruq. İnsanların gözündə böyük görünmək üçün əlimizdən gələni edirik, amma vicdanımızın qarşısında necə göründüyümüz barədə çox az düşünürük. Halbuki insanın həqiqi ölçüsü insanların alqışı ilə deyil, öz vicdanının qarşısında nə qədər rahat dayana bilməsi ilə müəyyənləşir.
Hər kəs özünü yaxşı göstərməyi bacara bilər. Amma yaxşı olmaq tamam başqa məsələdir.
Bəzən bir insanın həqiqi siması illərlə görünmür. Zaman onun üzünə bir örtük çəkir, ətrafındakı insanlar isə həmin örtüyü həqiqət zənn edirlər. Sonra həyat gəlir və o örtüyü bir anda götürür. İnsan da, hadisə də, münasibət də olduğu kimi görünür.
Məhz həmin anda dağılmaq başlayır.
Amma dağılmaqdan qorxmaq lazım deyil. Çünki həqiqətin qarşısında dağılan saxtalıqdırsa, onun dağılması bir itki deyil. Əksinə, illərlə insanları aldadan görüntünün sona çatmasıdır.
Bir bütövün parçalanması bəzən min insanın gözünü açır.
Bir səhv insanın özü üçün bədbəxtlik ola bilər, amma başqası üçün böyük dərsə çevrilə bilər. Bir yalanın ifşa olunması yalnız yalan danışanı deyil, ona inananları da düşündürə bilər. Bir saxta münasibətin sona çatması başqa bir insanı daha səmimi münasibət qurmağa vadar edə bilər. Bir insanın süqutu başqasına yüksəlmək üçün yox, **düşməmək üçün** dərs olmalıdır.
Əsl ibrət də budur.
İbrət almaq başqasının başına gələn hadisəyə tamaşa etmək deyil. İbrət almaq həmin hadisənin içində özünü görməkdir.
Əgər birinin səhvindən yalnız onu qınamaq üçün istifadə ediriksə, hələ ibrət almamışıq. Əgər “mən olsaydım, belə etməzdim” deyib özümüzü rahatladırıqsa, yenə də məsələnin mahiyyətinə varmırıq. Əsl ibrət insanın öz daxilinə dönüb soruşmasıdır:
“Mənim də içimdə belə bir çat varmı?”
Çünki hər insanın içində dağılmağa hazır bir tərəf ola bilər. Kimsə bunu vaxtında görüb düzəldər, kimsə isə yalnız dağılandan sonra anlayar.
Həyat insana hər zaman ikinci dəfə düşünmək fürsəti vermir.
Ona görə insan başqasının dağıntısına baxarkən sevinməməli, düşünməlidir. Çünki həyatın qəribə bir ədaləti var: bu gün başqasının hekayəsinə baxan gözlər sabah öz hekayəsinin qəhrəmanına çevrilə bilər.
Bu dünya heç kimi tamaşaçı saxlamır.
Bu gün kənardan baxdığın ağrı sabah sənin qapını döyə bilər. Bu gün mühakimə etdiyin səhv sabah sənin imtahanına çevrilə bilər. Buna görə insan başqasının yarasına daş atmazdan əvvəl öz qəlbindəki yaraları yoxlamalıdır.
Dağılsın ki, hər kəs onun içində özündən bir parça görsün. Dağılsın ki, zahirin arxasında gizlənən həqiqət üzə çıxsın. Dağılsın ki, insanlar bir daha eyni səhvi təkrarlamasınlar.
Çünki bəzi şeylərin dağılması onların sonu deyil.
Bəzən bir şey dağılır ki, insanın içində başqa bir şey qurulsun.
Köhnə düşüncə dağılsın, yeni düşüncə yaransın.
Təkəbbür dağılsın, təvazökarlıq doğulsun.
Saxtalıq dağılsın, səmimiyyət yaşasın.
Nəfs geri çəkilsin, vicdan danışsın.
Qaranlıq dağılsın, iman işıq versin.
İnsanın ən böyük qələbəsi başqasının süqutunu görmək deyil, başqasının süqutundan sonra öz ayağını möhkəm yerə basmağı bacarmaqdır.
Çünki həyat bizə yalnız yaşamaq üçün deyil, həm də öyrənmək üçün verilib.
Hər hadisənin içində bir işarə, hər itkinin içində bir dərs, hər dağılmanın içində bir xəbərdarlıq var. Yetər ki, insan baxdığı hadisəni yalnız gözlə deyil, qəlblə də oxuya bilsin.
Mən parçalananın özünü deyil, onun parçalarından doğacaq ibrəti axtarıram.
Qoy dağılan hər şeydən bir həqiqət görünsün, hər həqiqətdən bir düşüncə doğulsun, hər düşüncə insanı özünə qaytarsın.
Çünki insanın ən böyük dönüşü başqasından qaçıb özünə sığınması deyil, öz içindəki həqiqətlə üz-üzə qalmasıdır.
Və bəlkə də əsl məqsəd budur: