Xatirə Rəhimbəyli - Tökülsün.
Sən məni arama,qoy səndən ötrü
həsrət ürəyimin başı tökülsün.
Sənin xəncərinin qaşı düşməsin,
mənim gözlərimin yaşı tökülsün.
Sevda gör neylədi fərsiz başlara?
Üzgün ürəklərə, halsiz başlara?
Qoy qara qəlblərə, qoy pis başlara
sənin həsrətinin daşı tökülsün!
Yamanca öyrəşib daha həsrətə...
Bu mehri, ülfəti gəlsin lənətə!
Getməz ki, könlümdən qəmə minnətə
yüz ağıllı gəlsin, naşı tökülsün.