Əlizadə Nuri - Zəng

Ədəbiyyat 12:20 / 06.10.2026 Baxış sayı: 612

 

Güllələr o yanda günah eyləyir,

Dünya savaşından zəng gəlir mənə.

Hardasa bir uşaq ağlayır indi-

Gözünün yaşından zəng gəlir mənə.

 

Qaçıb yer üzündən, gen dayanmışam,

Bir tənha ulduza tən dayanmışam.

Sözün bu başında mən dayanmışam

Sözün o başından zəng gəlir mənə.

 

Sel gəlib- işimiz samana düşüb...

Yaxşı nə vardısa, yamana düşüb.

Quşlar göy üzündə dumana düşüb-

Əbabil quşundan zəng gəlir mənə..