Nazim Əhmədli - TANRI KİMƏ VAXT VERİB
Payız nə tez qayıtdı,
yarpaqlar sarı-sarı;
yenə döndü könlümə,
ürəyimin qubarı;
ulduzlar kürə-kürə,
gəldik, dərd görə-görə;
alnımdan düşüb yerə,
fələyin dərkənarı;
dərdi yığdım xurcuna,
həsrətimə acıma;
qırov bükdü saçıma,
ötən qışın ağ qarı;
göy üzünün köçündə,
buludlar kündə-kündə;
bax, ovcumun içində,
cızıqlar, yarı-yarı;
tanrı kimə vaxt verib,
dərdi ikiqat verib;
deyir, orda çat verib,
babamızın məzarı;
bu nə səsdi, kiridi,
qəlbi dağlar əridi;
gecə yuxuma girdi,
göy üzünün kənarı.
Bakı 2019.