Saqif Qaratorpaq - Yenə yağış başladı...
Yenə yağış başladı...
Hava soyuq,torpaq nəm.
Yenə səndən xəbər yox,
Sükuta tutmuşam dəm.
Ayağını sürüyür
Asta-asta buludlar.
Baharın göz yaşından
Sırğa taxıb göy otlar.
Nə soraq var,nə bir zəng...
Nə döyən var qapımı.
Öz içinə qısılıb,
Sevgi acıdı hamı...
Dayanıb qum saatı,
Vaxt da gedib yatmağa.
Min ildi yol gəzirəm,
Özümə qayıtmağa.
Daha güvənmə mənə,
Toxunma,damasıyam.
Çox heyif,son baharda
Boş leylək yuvasıyam...
Yenə səndən xəbər yox,
Sükuta tutmuşam dəm.
Bu gün- susmaq günüymüş...
Orda sən sus,burda mən.