Qəşəm İsabəyli  - ÖZÜNÜN ÖZÜNƏ GÖZÜ DƏYƏN ADAM

YAZARLAR 21:42 / 05.10.2026 Baxış sayı: 190

 

Demə, adamın özünün özünə gözü dəyərmiş.

Üç il əvvəl, bir səhər yuxudan oyanıb, yerimdən qalxdım. Bir addım atmaq istəyəndə sol ayağım dizdən kilidləndi.

“Ay aman... ay daad...” tappadan arxası üstə gəldim çarpayıya.

Nəfəsimi güclə dərdim.

“Müsəlman kimi yanımı yerə verəndə həkimə getməkdənsə, – fikirləşdim, – yəhudi kimi azarı qabaqcadan ram eləsəm yaxşıdı!”

Rentgenin cavabını qoltuğuma verib, ağzımı çevirdilər “Avrasiya klinikası”na. Adı ölkəmizin ikinci çayının adından olan həkim, baxdım ki, cavandı, ucaboyludu, yaxşı da əzələləri var, baş bar¬ma¬ğıyla adsız bar¬mağının arasına alıb, sıxdı dizimi:

–Oy...

–Ağrıdı?

–O da sözdü?!

–Mən rəmzlə-simvolla danışmağı bacarmaram, cənab pasiyent...

–Onün üçün gərək Şirvanlı olasınız, doktor!

–Kəsəsi... ağrıdı?

Him-cimlə başımı endirib-qaldırdım.

–MRT-likdi... – nəzakətlə dizimi sığallayıb, üzümə baxdı.

Bir saat növbə, saat yarım da müayinə.

Həkim işgüzarlıqla gətirdiyim cavaba göz gəzdirib, qaşlarını çatdı:

–Diziniz... – Gözlərimi bərəltdim üzünə. – Istəsəniz də, istəməsəniz də bıçağın altına girməlidir!

Özümü itirmədim:

–Niyə bıçağın?! Başqa bir əlac tapa bilmədiniz, doktor?!

–Tapdım.

–O nədi?

–Qocalmaq!

–Qocalmaq?! Başa düşmədim.

Əhvalından başa düşdüm ki, məni başa salmaq fikrində deyil.

–Dörd dərman... on gün qəbul... onbirinci günü burada olarsunız.

Cin necə vurdusa başıma:

–Sənin kəllən haqqı, gözlə məni, burada olaram!

– ürə¬yimdə dedim. Eşiyə çıxanda resepti də cırıb atdım zibil qutusuna. – Rəhmətlik orta məktəb yoldaşım

Məzahir demiş “taytıya-taytıya” özümü vurdum yola.

Evə çatan kimi özümü toxudum internetə. Alman fizioterapevtlərinin bir müalicə üsulu... əlimdən tutdu. Beləcə hər səhər uşaq kimi minib oturdum stolun üstündə, ayaqlarımı sallayıb, başladım yelləməyə. Nə qədər? İlk günlər azı min dəfə. Ağrım azalıb, ayaqlarım sözümə baxanda, üçyüzə endim...

O günü “Asan xidmət”ə gedirdim. Bir də gördüm... vallah... uçuram. Elə uça-uça da qayıtdım. Gözaltı sağıma-soluma baxırdım. Adamlar da bərələ gözlə seyr eləyirdilər məni. Qürrələnirdim. Sinəsi qabar¬mış halda parkovkada saxlaığım maşınımın qapısını açıb girdim içəri. Dəli bir gülüş tutdu məni... kişnədim, ha... gözümün sevinc yaşlarını birtəhər quruladım: “Maşallah olsun mənə!”

Kefi kök, damağı çağ gecə yerimə girən kimi başladım xoruldamağa.

Səhər açıldı, baxdım ki, sol dizim köhnə tanışıyla can-canadı. Arada sancır da...

–Ay dizim, vallah, ağrıyan sən deyilsən, nəyə deyirsən and içim, sənə özümün gözüm dəyib!

28-30.08.2026