Ramiz Qusarçaylı - Dünyanın heykəli

Ədəbiyyat 11:35 / 05.10.2026 Baxış sayı: 351

 

Şirin heykəli qurddu,

Qurdun heykəli dovşan.

Dovşanın heykəli otdu,

Otun heykəli yovşan.

 

Tülkünün heykəli hiylədi,

Hiylənin heykəli oyun.

Oyunun heykəli töylədi

Töylənin heykəli qoyun.

 

Atın heykəli ulaqdı,

Ulağın heykəli palan.

Palanın heykəli dolaqdı

Dolağın heykəli yalan.

 

Harının heykəli tamahdı,

Tamahın heykəli nadan.

Nadanın heykəli günahdı

Günahın heykəli adam.

 

Göyün heykəli buluddu,

Buludun heykəli duman.

Dumanın heykəli sükutdu,

Sükutun heykəli tufan.

Dağın heykəli yaylaqdı,

Yaylağın heykəli oylaq.

Oylağın heykəli oymaqdı

Oymağın heykəli maymaq.

Dənizin heykəli sahildi,

Sahilin heykəli hasar.

Hasarın heykəli cahildi

Cahilin heykəli azar.

Dünyanın heykəli bəşərdi,

Bəşərin heykəli insan.

İnsanın heykəli şərdi,

Şərin heykəli şeytan.

ABŞ-ın heykəli bankdı,

Bankın heykəli sərvət.

Rusun heykəli tankdı

Tankın heykəli qarət.

Zülmün heykəli əzabdı

Əzabın heykəli cəza.

Cəzanın heykəli ərəbdi,

Ərabın heykəli Qəzza.

İranın heykəli molladı,

Mollanın heykəli fitnə.

Fitnənin heykəli bəladı

Bəlanın heykəli heç nə...

Sözün heykəli fikirdi,

Fikrin heykəli nida.

Şeirin heykəli şairdi,

Şairin heykəli edam.

Mənim heykəlim Şuşadı,

Şuşanın heykəli Bayraq.

Bayrağın heykəli Vətəndi

Vətənin heykəli torpaq!