Ayaz Arabaçı - İndi də hərdənbir kağızlar gəlir...

Ədəbiyyat 20:00 / 07.10.2026 Baxış sayı: 643

İndi də hərdənbir kağızlar gəlir,

Qabaq yaşadığım köhnə mənzilə.

Amma heç birinə cavab yazmıram,

Amma,heç birinə, mən bilə-bilə..

 

Yadımda,qəlbimdə o qızla bağlı,

Nə varsa hamsını atıb getmişəm.

Oralar mənə çox əziz olsa da,

Bir neçə ildi ki,satıb getmişəm.

 

Qohumdu oranı satdığım adam,

O, yığıb gətirir bu məktubları.

Deyir ki, bir vaxtlar sevmisən, madam,

İndi də zəhmət çək cavab yaz,barı.

Qalır oxunmamış hətta bir çoxu,

Deyirəm cır tulla,daha gətirmə.

Deyir ki nə olar, bunu da oxu,

Sən allah bunu da,mənim xətrimə.

Deyirəm a kişi, yorulmadın sən,

Nə var,nə məcburdu yol basa-basa?..

Deyir ki,baxmaram şairsən-nəsən...

Sınar bax belində bu dəmir əsa..

Nəbzimi yoxlayır köks ötürərək,

Şair bu qədər də qəlbi daş olmaz.

Özün anlayasan a, bala, gərək,

Bir cavab göndərsən bu qan-yaş olmaz.

Sonra xüsusiylə qeyd eləyir, qeyd,

Sənə ondan da çox yazığım gəlir.

İçi sən qarışıq, yaramaz, laqeyd,

Bütün şairlərdən acığım gəlir..

Fasilə vermədən üyüdüb tökür,

Bildiyi nə varsa qoyur ovcuma.

Bilmir ki, bağrımın başını sökür,

Fürsət tapan kimi keçir hücuma.

Ağır ifadələr gəzir dilində,

Bilmirəm mən onu necə sinirəm..

Bu qədər acılar müqabilində,

Kədərlə bığaltı gülümsünürəm..

Üzdə görünsəm də bir ayrı donda,

Yaxşı anlayıram əslində onu.

Deyinir, deyinir, amma ki, sonda,

Qəfil həlimləşir səsinin tonu.

Qorxma,bir o bilər,bir sən,bir də mən,

Sirrini demərəm arvad-uşağa..

Deyə bilmirəm ki,o qıza görə,

Şəhərdən bu qədər köçdüm uzağa.

Yola gətirməyə çalışır məni..

Ağrılar canımda itib-azırlar.

Qoca bir azca da irəli gedir-

Mən bu kağızlarnan nəfəs alıram.

Guya məktubları buna yazırlar.

Az qala əl boyda uşağa dönüb,

Hazırdı gözünün yaşını töksün..

Deyirəm nə əcəb şəhər merinin,

Ağlına gəlmir ki,o yeri söksün