Fariz Süleymanoğlu - ÜRƏK QOCALMAZ

Ədəbiyyat 21:15 / 07.10.2026 Baxış sayı: 1063

 

Saç-saqqal ağarır, alın qırışır,

Göz torlanır, bel bükülür, əl əsir.

Günlər, aylar bir-birilə yarışır,

Zaman sanki bir ünvana tələsir.

 

Xitab da dəyişir, “əmi”, “dayılar”,

Bir də eşidirsən “baba”dı daha.

(Dünənki ayıblar moda sayılar,

Abırdan danışan “qaba”dı daha).

 

Bu çətin, əzablı ömür yolunu

İnsan gör nələrə qatlaşıb gedir?!

Soruşan azalıb hal-əhvalını,

Yaxınlar, qohumlar yadlaşıb gedir!

 

Gah gecə sübhətək aranı dağa,

Dağı da arana daşıyıb durur.

Tozlu xatirələr qoymur yatmağa,

Qəlbdəki yaranı qaşıyıb durur.

 

Çalışdı, vuruşdu illər uzunu,

Nə qədər əməklər “davada” qaldı.

İkinci plana atdı özünü,

Ülvi arzuları havada qaldı.

 

İki dövrə vurmaq olub “marafon”,

Parkdakı dəyişməz yürüş yerinə.

İndi gah kompüter, gah da telefon

Çevrilib dostların görüş yerinə.

 

Əvvəllər olmazdı bu qədər kövrək,

Bərəkət gəlibdi göz bulağına.

Düşünüb: – “Mən daha deyiləm gərək”,

Arabir qapanır öz otağına.

 

Əməyin bəhrəsi meyvə verəndə,

Qocaya yaşamaq həvəsi gəlir.

Sevincdən uşağa dönür, görəndə

Babacan! – qışqıran nəvəsi gəlir.

 

Ey Qərib, hər çiçək saralar, amma,

Qəlbə ilham verən mələk qocalmaz!

İnsan zərrə-zərrə qocalar, amma,

Yazıb-yaradırsa ürək qocalmaz!