"Azərbaycan və Özbəkistan qarşılıqlı etimada əsaslanan qardaş dövlətlərdir." - Tahir Rzayev, millət vəkili
Azərbaycan və Özbəkistan arasında dostluq və qardaşlıq münasibətlərinin əsasında ortaq tarix, milli-mənəvi dəyərlər, mədəni yaxınlıq və türk dünyasının birliyi dayanır. Azərbaycan və Özbəkistan beynəlxalq platformalarda daim bir-birinin mövqeyini dəstəkləyən, qarşılıqlı etimada əsaslanan qardaş dövlətlərdir.
Yenises.az xəbər verir ki, millət vəkili Tahir Rzayev mətbuata açıqlamasında bildirib ki, iki ölkə arasında imzalanan strateji tərəfdaşlıq sənədləri, Müttəfiqlik münasibətləri haqqında Müqavilə və Ali Dövlətlərarası Şuranın yaradılması münasibətlərin davamlı və sarsılmaz xarakter daşıdığını nümayiş etdirir.
Tahir Rzayev deyib ki, Özbəkistan Prezidenti Şövkət Mirziyoyevin Azərbaycana çoxsaylı səfərləri, xüsusilə işğaldan azad olunmuş ərazilərə etdiyi ziyarətlər iki ölkə arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu göstərir. Deputatın sözlərinə görə, Özbəkistan lideri Füzuli, Şuşa, Laçın və digər bölgələrdə həyata keçirilən bərpa və quruculuq işləri ilə yaxından tanış olub, görülən işləri yüksək qiymətləndirib.
Deputat Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana səfərlərinin də ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verdiyini vurğulayıb. O xatırladıb ki, dövlət başçısının Özbəkistan Milli İnformasiya Agentliyinə verdiyi müsahibədə Azərbaycan–Özbəkistan dostluğunun tarixi kökləri, bugünkü vəziyyəti və gələcək perspektivləri ətraflı şəkildə əks olunub.
“Özbəkistan bu gün Mərkəzi Asiyanın ən sürətlə inkişaf edən ölkələrindən biridir və Azərbaycanla əlaqələrin genişlənməsi hər iki xalqın milli maraqlarına, dövlətlərin suverenliyinə və regionda sabitliyin möhkəmlənməsinə xidmət edir.
Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın dərinləşməsi də xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin və Prezident Şövkət Mirziyoyevin səyləri nəticəsində türk dövlətləri arasında əlaqələr daha da möhkəmlənir, təşkilatın nüfuzu artır və bu proses türk xalqlarının gələcək inkişafı üçün geniş perspektivlər açır”, – deyə o bildirib.
Deputat vurğulayıb ki, son illərdə iki ölkə arasında iqtisadi və ticarət əlaqələri də əhəmiyyətli dərəcədə genişlənib. Energetika, yaşıl enerji, nəqliyyat-logistika, tranzit daşımaları, təhsil, turizm, media və humanitar sahələrdə həyata keçirilən layihələr əməkdaşlığın çoxşaxəli xarakter aldığını göstərir.
Tahir Rzayev Orta Dəhlizin inkişafında Azərbaycan və Özbəkistanın roluna da diqqət çəkib: “Bu marşrut gələcəkdə həm region ölkələri, həm də Avropa ilə Asiya arasında iqtisadi əlaqələrin genişlənməsi baxımından mühüm əhəmiyyət daşıyacaq”.
Millət vəkilinin fikrincə, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin genişləndirilməsi siyasəti region dövlətlərinin inkişafına təkan verir, eyni zamanda türk dövlətlərinin vahid platformada daha sıx əməkdaşlıq etməsinə şərait yaradır.
“Təhlillər göstərir ki, Azərbaycan–Özbəkistan dostluğu sarsılmaz və əbədidir. Bu münasibətlərin daha da möhkəmlənməsi hər iki ölkənin inkişafına, xalqların rifahına və regionda sabitliyin güclənməsinə xidmət edir”, – deyə Tahir Rzayev bildirib.