"Kəlbəcər suyunun təqdim edilməsi həm də rəmzi məna kəsb edir"  –Tahir  Rzayev, millət  vəkili 

SİYASƏT 18:00 / 04.09.2026 Baxış sayı: 717

“Prezident cənab İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkianla Şanxay Əməkdaşlıq Təşkilatının sammiti ərəfəsindəki görüşü çox səmimi görüntülərlə yadda qaldı. İlk növbədə, bu görüş iki ölkə arasında dostluq münasibətlərindən və gələcək münasibətlərin yaxşılaşmasından qaynaqlanır. İran Prezidentinin Azərbaycana, dövlətimizin rəhbərinə sağlam münasibəti də bunu göstərir”.

Yenises.az  xəbər  verir ki,  bu barədə mətbuata  millət  vəkili  Tahir Rzayev danışıb.Millət  vəkili  vurğulayıb   ki, cənab İlham Əliyev bu gün İranla münasibətlərin yaxşılaşdırılmasına çox böyük önəm verir və bunu görüş zamanı bir daha söylədi: “Qeyd etdi ki, İranda yaranmış vəziyyətin sülh və danışıqlar yolu ilə həllinin tərəfdarıdır. Eyni zamanda, İrana humanitar yardımın göstərilməsi və əməkdaşlığın bundan sonra da genişləndirilməsi üçün zəruri tədbirlər görülməlidir. İran Prezidenti də öz çıxışında Azərbaycana göstərilən humanitar yardıma görə təşəkkürünü bildirdi və İranın Azərbaycanla münasibətlərin genişləndirilməsində maraqlı olduğunu qeyd etdi. Əlbəttə ki, bu, çox vacib məsələdir. Çünki Azərbaycan–İran münasibətlərinin yaxşılaşması nəinki iki dövlət üçün, həm də regionda sabitliyin və təhlükəsizliyin təmin olunması baxımından əhəmiyyətlidir”.

Millət  vəkili  hesab edir ki,  dostluq və səmimi münasibətlər bir çox şəkillərlə ifadə edə bilər. Ölkə Prezidentinin İran Prezidentinə Kəlbəcərin İstisu suyunu təqdim etməsi də bu baxımdan yaddaqalan oldu və bir çox fikirlər, mülahizələr doğurdu: “Su saflıq, təmizlik, dostluq və səmimiyyət rəmzidir. Qonşu dövlətin prezidentinə İstisu suyunun təqdim edilməsi sağlam münasibətlərdən, gələcəyə böyük ümidlərdən qaynaqlanır və bu münasibətlərə verilən dəyəri göstərir”.

Millət  vəkili   vurğulayıb  ki, Kəlbəcər suyunun təqdim edilməsi həm də rəmzi məna kəsb edir – 30 il işğal altında qalan torpaqlarımız artıq azaddır. Azərbaycanın suverenliyi tam təmin olunub. Biz yeraltı və yerüstü sərvətlərimizin sahibiyik mesajını veririk.

Tahir Rzayev bildirib ki, Məsud Pezeşkianın prezidentliyi dövründə İran–Azərbaycan münasibətlərinin yaxınlaşmasına doğru inamlı addımlar atılıb və İran Prezidenti daim Azərbaycanla əməkdaşlığın genişləndirilməsinə, münasibətlərin yaxşılaşdırılmasına önəm verir.