Mürşüd Miracın şeirləri

KÖMÜRLƏ YAZILMIŞ TƏRCÜMEYİ-HAL
Ağır günlər keçirdim,
batmanlar qədər ağır
bitləndim, qaşındım,
qan dəyişdim ard-arda
çıxmadı amma canımdan şairlik sevdası…
Qara xəbərlər verirəm kimliyimə dair
hisslərim, təəssüratım bombardman edilib
sözlərim yarlıqlanıb - ticarətə hazırdı
ətimdə göyləri bağırdan döymələr saxtadı
doğrudu budanan həyatımın həngaməsi
partlayan narin müsibətləri doğrudur.
While being a non-stop brunette until now
metrolarda göygözlü, sarışın bir ingilis
sanmışam özümü bir ara
gah arabir xor görmüşəm saçlarımı şüşələrdə
üzümdəki tülküləri silə-silə bir ara
aradığım insanlığı tapmışam
Fəqət, hissiz olmalıydım
burda gözüm kor edilmiş,
orda qulaqlarım kar
harda cəncəl çıxır, çıxsın- diqqətə
almamalıydım
taraz tutmalıydım ömrü-
xətalarım artıqca dişlərim tökülməməliydi
iri kağızlarla oynamalıydım, uduzdum!
Mənə qaldı çəki çekləri, qeyri-rəsmi sənədlər
davamiyyət jurnalları, plastik kartlar, möhür.
***
Əsli yoxmuş olanların
fərqi yoxmuş tıncıxdıran bir günəşdən
neylədimsə, gedib kimə əl açdımsa yanıq verdi
hansı yaşıma girdim-boynumdakı ləkələr ələ
verdilər məni
çıldaq deyib alnıma və topuğuma
can deyib bağrıma basdığım şeylər yandırdı
birdən
hərarət vecimə də olmadı
uşaqkən ən möhkəm yay məndəydi çünki..
Məndəydi məndə olan, mən bilmədiyim şeylər
hər gün yandırılmaqçün yanmaz deyilən bədən
tonqalima soxuşdurulan nəzir
cəhənnəmi abad göstərən körpü
iş arası, nahar vaxtı, sümüyümdən santur
emal eləmək adəti məndəydi
gəlib mənə dəyərdi qayalardan qayıdan söz
Mən hər yaşda ayağımda düz şalvar
əlimdə sədəf təsbeh, ǝynimdə qara gözlər
dolanardım çöllərdə
otuzlara çatanda dəmir torlar, zirehlər geydim
artıq.
***
Deyirəm: hər kəsin bir bəxti, bir qisməti
olmalıdı
bəlkə bəxtim gətirməz, adım silinib gedər
lənət bir selik kimi
Mürşüd ölər bir gecə, Mirac doğular bəlkə
şairlik yazılmamış da olar bəxtimə - olsun
onu öz bəxtimə özüm yazaram
öz kömürümlə...
****
Yay qurtardı
girvənkələr bağlayıb günü batırdı allahsız
uşaqlar
ikimiz üçünsə buralarda qrafinlər, rumkalar
nar alovda səhərəcən çevriləcək şüşələr var
Göylərə atılmış zərdi ruhumuz, bilmirsənmi
İçində qaranquşlar, buludlar sürüklənər- ölüm
yorulmaz ki
ölümsüzlük axtararıq guya sözdə
ard-arda günləri ömür sayarıq
halbuki,
ölümsüzlük - buruşuq bir yarpaq
deyilmi aramızda?
Sonra da yağışlar, sellər başlayar
sevişmənin ortasında közərər ay
bəhərsiz budağın hənirtisi gələr ocaqdan
unudulmuş əşyalar…
Şal -yaylıqdı
Yaşmaqdı çardaqda
ömrümüzün ən parlaq günlərini örtər..