Əlizadə  Nuri  - Bu dünyada hər kəsin öz rəngi var

Ədəbiyyat 10:55 / 20.10.2026 Baxış sayı: 1025

 

O aydı, ya yar gözümə sataşdı?

Tanrı bu gün kor gözümə sataşdı...

Hara baxdım, tor gözümə sataşdı

Hara baxdım bu hörümçək dünyada.

 

Çiçək kimi sığalladım xəzəli...

Öz evimdi, öz yaxamdı, öz əlim.

Sevə bilsən, tikanın da gözəli

Bir gül kimi görünəcək dünyada.

 

Yapışmağa saman qalıb görəsən?

Deyilməyən yalan qalıb görəsən?

Ölüm niyə cavan qalıb görəsən

Bu qocaman, bu ağbirçək dünyada?

 

Baharı sev- gül üzünü itirmə,

Günə sığın, gündüzünü itirmə.

Canım durna, göy üzünü itirmə

Üşüyərsən lələk-lələk dünyada.

 

Əcəl varsa, əcəlin də zəngi var,

Bu sevdiyim çayın da ahəngi var...

Ay Əlizadə, hər kəsin öz rəngi var

Nə gəzirsən alabəzək dünyada?..