Azad Müzəffərli - Sağalmaz şakər
(hekayə)
Günəşin çırtma döşəyən çağıydı. Xəzərlə gözbəgöz idi. Dənizkənarı parkda təbiətin melodiyası onu ağuşuna aldı. Yaxınlıqdakı ağaclardan birinin kölgəsindəki oturacağa sarı üz tutdu.
Sahildəki xəfif dalğalar onu xəyallar aləminə qonaq elədi. Təbiətin sehrinə kökləndi. Dalğalar elə ləpələnirdi ki, sanki sətirbəsətir nəyisə döşəyirdi. Dənizin deyəsən ona sualı vardı. Ləpələrə diqqət kəsildi. Qəflətən bir neçə cümləni höccələyə bildi: “Səncə niyə kainatda hamı bir-birinin yemidir? Elə, biz dalğalara da iştahamız güc gələndə əlimizə keçəni qamarlayırıq. Hətta, bizə pənah gətirib sahildə üzən insanlara da qətiyyən rəhmimiz gəlmir. İmkan düşən kimi onları olmazın acgözlüklə diri-diri uduruq”
Haqlı suala nə deyəsi idi ki... Bu məqamda xatırladı ki, vaxt vardı insan insanı parçalayaraq hələ canı belə çıxmamış marça-marçla içəri ötürərdi. Yenə də bizə şükür.
Düşüncələr qanadında çapalamaqdaydı... Deyəsən, elə Tanrının başlıca “fənd”lərindən biri budur; çalış qabağa düş, bacardıqca çırpışdır, qamarla getsin! Elə əzəldən belədir bu dünyanın başlıca şakəri, kor-kor görünən budur. Tarix boyunca, ələlxüsus da imperiyalar başqalarının istər maddi, istərsə də mənəvi var-yoxuna sahib çıxmayıblarmı?!.
Ümmansız suallar dəryasında çapaladığı bir məqamda bir daha əmin oldu ki, elə təbiətin özündə də bu xislət meydan sulayır, istər heyvanlar, istərsə də bitkilər aləmində... Görəsən, niyə axı?!. Bax, bu məntiqi suala cavab tapmaqda acizliyini boynuna almaqdan başqa çarəsi qalmadı. Di gəl, yenə o qənaətdəydi ki, Tanrı təsadüfən bu fürsətcilliyi insanlara və təbiətə bəxş etməyib, burada nəsə mühüm bir sirr var?!.
Ona aman verməyən düşüncələr caynağında çapaladığı bir məqamda çinar qamətli təxminən 30-35 yaşlarında xanım-xatun bir qız ona sarı yaxınlaşdı. Sanki Günəş şüalarını ona yönləndirdi. Halbahal oldu. Həmin qadının kübarcasına müraciəti isə onu lap yerindən oynatdı:
- Olar, ikicə dəqiqəliyə yanınızda əyləşim... Ayaqlarıma birazcana dinclik verim?
- Əlbəttə, əlbəttə, buyurun, şərəf verirsiniz...
O, əndamı yanmışın nur saçan çöhrəsi onu anındaca qovurdu. Qadının ümman hərarəti aman verməsə də, məcburən bayaqdan ondan səbirsizcəsinə cavab gözləyən ləpələrə sarı boylandı. Baxışlarını Xəzərə tuşlamağı ilə fəlsəfi dünyasına yenidən baş vurmağa çalışdı. Təkrarən həyatın ta əzəldən çırpışdırma üstə bərqərar olduğu qənaətinin caynağına tuş gəldi. Tezcənə dodağını dişlədi. Axı, elə özü indicə ona məxsus olmayan qadının ümman energetikasına yiyə çıxmamışdı mı?!. Qeyri-ixtiyari udqundu, onu soyuq tər basdı. İstər-istəməz bir də həmin qadına sarı boylandı, sanki baharın gəlişindən xəbər verən al-əlvan çəmənliklə üzbəsurətdi. Yaşantıları sözlə ölçüyəgəlməzdi.
Tezcənə özünü yığışdırmağa çalışdı. Yenidən nəzərlərini sorğusuna təkidlə cavab gözləyən dənizə yönəltdi. Bu dəfə lap uzağa üfüqə sarı boylandı. Bir də ölçüb-biçdi, deyəsən, axı, bu ruslardan çox çırpışdıran yoxdu dünyada, məncə?!. Elə gecə-gündüz öyündükləri dillərinə nəzər salsan yetərlidi; mütəlif dillərdən mənimsədikləri sözlərə dədə malı kimi yiyə çıxıblar, fransız, yunan, latın, tatar, ingilis və sair. Biz türklərin dilinə isə lap daraşıblar, ulu babalarınınkı kimi adlarına möhürləyiblər.
Nə təhər uymuşdusa, yanındakı qadının artıq dəbərdiyindən də bixəbərdi. Xəyalən başvurduğu zirvələrdən enməkdə olduğu dəqiqələrdə bir də ayıldı ki, kəlləsini arxaya çevirən həmin kübarcığaz qadının onunla qiyabicəsinə vidalaşan qaynar baxışları ilə gözbəgözdür. Bu dəfə lap cızzağı çıxdı. Ondan uzaqlaşmaqda olan qadın bənzərsizliyi ilə həqiqətən ən azı azman bir poemanı haqq edirdi. Acgözcəsinə izlədiyi həmən xanım üfüqə qovuşanda yenə diksindi, bir anlığa özündən qaçmağa çalışdı. Təkrarən günaha batmışdı. Özü də insanların qamarlama kimi xam şakəri ilə əlbəyaxa olduğu bir məqamda. Əməlindən üşündü, azca qala yayın qızmarında titrəyə. Bacardıqca özünü yığışdırmağa çalışdı. Qəribəydi, nədənsə bu məqamda çırpışdırmaqda tayı-bərabəri olmayan dığalar gözləri önündə canlandı. Qənaətində qəti idi, başqalarının var-yoxuna yiyə çıxmaqda şəksiz hansısa digər bir toplum çətinki onlarla ayaqlaşa. Şahmat dili ilə müqayisə etsək, onlar bu baxımdan superqrossmeysterdirlər.
Bayaqkı acgözlüyünün nədən qaynaqlandığını bir daha göt-qoy elədiyi anlarda qəfil yadına düşdü ki, axı, dünən Kürdən ovladıqları balıqlardan ona çatacaq payını götürmək üçün dostugilə yollanmalıdır. Ürəyinə gəldi ki, bu gün payına yiyə durmasa, birdən sonra gec olar. Həyatdır, heç nəyə təminat yoxdur, hər şey gözləniləndir.
Dostuna zəng etməkdən ötəri tezcənə əlini yanına oturacağın üstünə qoyduğu mobil telefonuna sarı uzatdı. Əli boşa çıxdı. Heç cür gözünə inanmağı gəlmədi. Gücü mat-məəttəl, acizanə tərzdə kor-peşiman başını bulamağa yetdi. Özü gözündə alacalandı. İnanılası olmasa da, beləydi, dünya gözəli sandığı birisi onu necə lazımdır xamlayaraq ustacasına yağmalamışdı.
Bayaqdan ha çalışsa da, təfəkkür və təxəyyülünə güc gəlsə də, bir sahilə yan ala bilmirdi ki, bilmirdi. Başqasının olana sahib çıxmaq fürsətcilliyinin nədən qaynaqlandığı yenə də onun üçün suallar sualı olaraq qaranlıq qalırdı. Hətta, yatmış vulkan sayağı püskürmək istəsə də, növbəti dəfə reallıqla barışmalı olurdu. Bir daha ona elə gəldi ki, deyəsən, doğrudan da, dünya dayazlarındı axı?!.
Əlacsızlıq içində çapaladığı həmin məqamda yaraşıqlılıq və cazibədarlıqda bayaqkından bir o qədər də geri qalmayan daha bir qadın ona sarı yön aldı, ingiliscə yaxınlıqdakı restoranın yerini soruşdu. O, anındaca bunu “qarğa, məndə qoz var” gedişi kimi çözələdi. Özünü o yerə qoymadı. Axı, ilan vuran ala çatıdan qorxar. Sadəcə, olmazın soyuqqanlılıqla soruşulan ünvanı nişan verdi. Xəzər təki cilvələnən və gəl-gəl deyən təbəssümü ilə çöhrəsi pöhrələnən əcnəbi qadının az qala dodaqlarını marçıldadaraq səsləndirdiyi “Sənk yu veri maç” (Thank you very much - Çox sağ olun) təşəkkürü onu “qıdıqladı”. Bunu özlüyündə zarafatsayağı yozdu. Deyəsən, ingilislər bu kəlmələri bizdən çırpışdıraraq bir balaca ora-burasına əl gəzdiriblər, “Sənə maç verirəm” kəlmələrini bir az cilalayaraq təşəkkür donu geydiriblər.
Ən əsası, şükür, bu dəfə yaxşı ötüşdü, gözlərindən və qamətindən bir dünya hərarət yağan əcnəbi qadın elə anındaca nişan verilən istiqamətə yön aldı. Sadəcə, ona yüngülcə naz satmaqla kifayətləndi.
Tarım çəkilən sinirində mizrabla gəzişdi. Bir anlığa həyat ona durğu işarələrsiz və alayarımçıq cümlələrdən ibarət mətni andırdı. Bayaqdan düşündüklərinin ora-burasını yontalayaraq təxmini qərara gəldi. Tanrı istər canlısına, istərsə də cansızına qamarlamaq, çırpışdırmaq, yağmalamaq, ovlamaq və bu qəbildən digər şakərləri təsadüfən məqbul bilməyib. Məhz külli-aləmin varlığı və əbədiliyi üçün hamını və hər şeyi bir-birinə yem edib. Vəssalam! Qənaətində nə qədər haqlıydı, bunu isə yalnız Ulu Yaradan dəqiqliyi ilə bilir. Şükür kəramətinə!!!