Mən niyə gəldim-  Təranə  Məmməd

Ədəbiyyat 10:00 / 19.10.2026 Baxış sayı: 2822

 

Gəldim bir müddətlik gözəl qoynuna,

Onun bir ömürlük mehmanı oldum.

Elə bəyəndim ki, vuruldum ona,

Bir gündən min günə heyranı oldum.

 

Beləcə yaşadım bu dünyada mən,

Onun həyat eşqli qonağı kimi,

Yalanlı, doğrulu dünya evindən,

Boylandım ömrünün seyranı kimi.

 

Gah dağlara qalxdım,

gah düzə endim,

Şirin röyalarda sevdim, sevildim.

Gah sevgi bağında qızılgül oldum,

Gah susuz çiçək tək saralıb soldum.

 

Gecələr ağladım, gündüzlər güldüm,

Bəzən yaşayaraq, diriykən öldüm.

Çox vaxt kədərimi özümlə böldüm,

Bu qoca dünyada mən nələr gördüm...

 

Sevincdən kasadam,

mən əhli dərdəm,

Tanrı bəxşişidi kədərim, dərdim.

Bir sual fırlanır başımda hər dəm,

Bu qoca dünyaya mən niyə gəldim?