Məmməd  Qədir - Sarayı

Ədəbiyyat 11:51 / 19.10.2026 Baxış sayı: 667

 

Eşq dolu ürəyin yoxsa, nəyin var,

Neynirsən dünyanı, ulduzu, Ayı?

Sevgisiz mənasız bir taleyin var,

Nəyinə gərəkdi bu ömür payı?

 

Düz də sevinmir öz düzənliyinə,

Vallah, özü dözmür dözənliyinə,

Güvənmə varına, gözəlliyinə,

Həyat bivəfadı, ömür hərcayı.

 

Hec nə yaranmışın cəngində qalmır,

Dəyişir, dünya öz rəngində qalmır,

Varlını yox edir, zəngində qalmır,

Kasıbın fəryadı, qulun harayı.

Bilənlər həyəcan təbili çalsın,

Salamı "qırmızı kitab"a salsın,

Salam verməyənlər bir yana qalsın,

Salam alanların azalır sayı...

Məmməd, çək sinənə yaz havasını,

Gözəlim, göz sevir göz davasını,

Soy işvə donunu, naz libasını,

Əyinsiz götürür ölüm sarayı.