Saqif  Qaratorpaq - Yuxuda Sevinən Adam

Ədəbiyyat 11:01 / 19.10.2026 Baxış sayı: 652

 

Düşünmək olarmı heç

Bir adamı bu qədər?!

Hər gün ürəyin əsə

Bircə sözündən ötrü,

Darıxasan, öləsən

Ala gözündən ötrü.

Barmaqların tələsə,

Uça adına sarı...

Əl-ayağın göməşə,

Gizildəyə qolların,

Düşə yanına hərdən.

Hər gecə min ah qopa

Sızlayan ürəyindən,

Dağı-daşı yandıra;

Tüstün təpəndən çıxa,

Gözdə yaşı yandıra.

Düşünəsən, hər gecə

Yuxuna qonaq gələ,

Ev-eşiyin sevinə,

Soyuq otağın gülə.

Şıltaq təbəssümünü

Kipriyindən asasan...

Danışa şirin-şirin,

Sən də qulaq asasan.

Ömür-gün çiçəkləyə,

Bahar gələ qoynuna;

Gah əlindən yapışa,

Gah sarıla boynuna...