Ayaz Arabaçı - Mən sənin xoş gününə...

Ədəbiyyat 11:57 / 19.10.2026 Baxış sayı: 670

Mən sənin xoş gününə,

Hamıdan artıq xoşam.

Mən də istəyirəm ki,

Sənə nəğmələr qoşam..

Elə gözəl nəğmələr-

Ki,hər dəmdə oxunsun.

Oxunduqca hər dəfə,

Sarı simə toxunsun.

Mən də istəyirəm ki,

Sənə baxım ucalım.

Sənin yüksəlişindən,

Güc aldıqca güc alım.

Hay salım dörd bir yana-

Bu,mənim Vətənimdir.

Təkcə dərdi-qəmi yox,

Nəyi desən mənimdir.

Di gəl,qəlbim çat verib,

İçimdəki min ahdan.

Nigaranam bu gündən,

Nigaranam sabahdan.

İstəyirəm yazam ki,

Hər kəsin üzü gülür.

Amma ki,hər sətirdən,

Üstümə dərd tökülür.

Ağır basır çəkidə,

"Yüngüllər"in tərəfi.

Muzeylərdə gəzirəm.

Ləyaqəti-şərəfi.

Xarabaya çevirib,

Könlümüzü bayqular.

Çiçəkləri açmamış,

Ölür fidan duyğular.

Düzəlməyə can atmır-

Səhvlər öz işindədi.

Züylər öz işindədi-

Dəflər öz işindədi..

Eləcə öz içində

Hamı məhbusa dönüb.

Tərsəməzhəb qibləmiz,

Təzədən rusa dönüb..

Azğınlıq azadlığı,

Əsl kabusa dönüb..

Bu gün qızıl-qırmızı

Təpəyə dağ deyirlər.

Ağa qara deyirlər-

Qaraya,ağ deyirlər.

Axı səni nə cürə

Gül kimi vəsf eləyim.

Olan-qalan ruhunu

Yalanla qəsb eləyim.

Göz yaşına dönübdü

Min-min ağın-bayatın.

Rəzildən də rəzildi,

Görmürsənmi həyatın..

Hansı pullu nazirin,

Oğlu Murova gedib.

Gedibsə də yəqin ki,

Xızıya ova gedib.

İndi igid odur ki,

Arxasında pul dura.

Əyləncə mərkəzisən,

Beş-on qotur quldura.

Ödə bizə borcunu,

Səndən çox şey umuruq.

Üzümüzə tüpür ki,

Nə olsa göz yumuruq.

Saxta geyimlərdəsən,

Saxta libaslardasan..

Bu boyda xəritədə,

Tapammıram hardasan.

Mən də canım deyirəm-

Azərbaycanım sənə.

Məni də qurbana say,

Qurbandı canım sənə.

Gücüm ona çatır ki,

Şam kimi yanım sənə.

Sən hər şey itirirsən,

Mən heç nə qazanmıram.

Adına ahugözlü,

Şeirlər yazammıram.

Təkcə quru nəfəssən-

Təkcə quru ad Vətən.

Öz oğluna-qızına,

Ögey Vətən-yad Vətən..

Əhvalı bərbad Vətən.

Bir dön bax o güzgüyə,

Soyun bu çirkin donu.

Köpəklik vüsət alır,

Durdur bu marafonu.

Susuruq ağır-ağır,

Dözürük mətin-mətin.

İçində can veririk,

Rüşvətin-üfunətin.

Boğuluruq qıyan yox,

Adi saman çöpünü.

Kim alacaq,söylə kim,

Harınların köpünü.

Hanı bahar vədlərin,

Çiçək muştuluqları.

Əmir səni bir ucdan,

Haram pul tuluqları.

Nə bir kəs kömək olur,

Nə haqdan kərəm gəlir.

Orduya sağlam gedən

Oğullar vərəm gəlir.

Bu boyda çirkinliyi

Nə təhər gözəl yazım.

Ya bir qoşma uydurum,

Ya da bir qəzəl yazım..

Sözdə bölüb günəşi-

Bölüb ayı,verirlər.

Bir aya iki günlük

Tulapayı verirlər.

Sonra da minnət qoyub,

Minirlər boynumuza.

Qul olmaq zorundayıq,

Neçə-neçə donuza.

Mən də Vətən deyəndə,

Sinəm coşur qabarır.

Duyğular ürəyimi,

Gəmi kimi aparır.

Söylə səndən nə yazım-

Mənim gücüm-qüdrətim-

Mənim ruhum-avazım..

Hər yeri bir div kəsib,

Bac-xərac içindəyik.

Hər yerimiz qızıldı,

Ehtiyac içindəyik.

Bu bölgünü kim qoyub,

Bu nə mütənasibdi.

Desin bir haqq carçısı-

Desin nə münasibdi.

Bundan böyük eyibmi,

Dinən deyir eybi yox.

Birinin yüz ev var-

Yüzünün bir evi yox.

Mənim Azərbaycanım,

Hər şey siyasiləşib.

Səni sevmək istəyən,

Ürəyim asiləşb..

Mən də canım deyirəm,

Ürəyim canım sənə.

Gücüm ona çatır ki,

Şam kimi yanım sənə.

Təkcə bu şerə görə,

Halaldı qanım sənə...

Daha az göstər