Fariz Süleymanoğlu - QİYMƏTİ VAR
Səmti ulu yoladısa,
Küldən ocaq qaladısa,
Bozqurd olub uladısa,
Turan elə dəvəti var,
O şeirin qiyməti var.
Biri oxur zikrə dalar,
Öz halına şükrə dalar,
Kimi dərin fikrə dalar,
Düşündürən hikməti var,
O şeirin qiyməti var.
Anıların oyandısa,
İçin sızladı, yandısa,
Birini könlün andısa,
Yəqin qəlbin həsrəti var,
O şeirin qiyməti var.
Dözüm, səbr, təpər versə,
Qəm-kədərə sipər versə,
Ürəyindən xəbər versə,
Duyğusu var, ülfəti var,
O şeirin qiyməti var.
Bir xəyalın, yuxundusa
Sarı simə toxundusa,
Dönə-dönə oxundusa,
Demək səmimiyyəti var,
O şeirin qiyməti var.
Təbliğ etsə sədaqəti,
Nəvazişi, mərhəməti,
Ata-ana məhəbbəti,
Demək sayğı, hörməti var,
O yazarın qiyməti var!