Vahid    Aslan - BƏZƏN

Ədəbiyyat 12:21 / 20.10.2026 Baxış sayı: 1011

 

Harda gözü yaşlı bir uşaq görsəm,

Ürəyim qırılıb içimə düşər.

Harda iynə ucu bir işıq görsəm,

Kölgələr şığıyıb izimə düşər.

Harda bir ev görsəm-

Hasarı uçmuş-

Onun həyətində tənha bir qoca;

Sanaram qanadı qırılmış bir quş

Sürünür,.. istəyir göylərə uça.

Harda qolu sınmış bir budaq görsəm,

Kədər yuvasına dönər gözlərim.

Harda dağıdılmış bir ocaq görsəm,

Dilimin ucunda donar sözlərim.

...Bir zülmət adam var, bir işıq adam,

Biri ümid verər, biri dərd verər.

Dil var yaralayar, kəsər, qanadar,

Dil var dəmiri də muma döndərər.

Geriyə baxıram,..

Ömrümün yolu

Bir az əzablıdı, bir az daşlıdı.

Bəzən gündüzlərim yarı yuxulu,

Bəzən gecələrim oyaq yaşadı.

23.04.2022