" Bu gün ermənilərin bütün cəhdləri iflasa uğrayır." - Tahir Rzayev , komitə sədri
"Ermənilər uzun əsrlər boyu özlərinin saxta salnamələrini, kitablarını, ədəbiyyatlarını, tarixi abidələrini gündəmə gətirməklə qədim tarixə malik olan xalq kimi özlərini təqdim ediblər. Bu proses Azərbaycan ərazisində də uzun illər davam edib. Onlar məskunlaşdıqları ərazilərdə saxta fikirlər, kitablar və abidələr qoymaqla bu torpaqların onlara mənsub olduğunu sübut etməyə çalışıblar. Lakin bir çox hallarda buna nail ola bilməyiblər və tarixi faktlar onların bu riyakarlığını üzə çıxarıb".
Yenises.az xəbər verir ki, bu barədə mətbuata Milli Məclisin komitə sədri Tahir Rzayev danışıb.
O əlavə etdi ki, Prezidentin köməkçisi Hikmət Hacıyevin işğaldan azad olunmuş ərazilərə səfirləri, jurnalistləri, siyasətçiləri dəvət etməsi və hər dəfə də orada Azərbaycan həqiqətlərini dünyaya bəyan etməsi təqdirəlayiq haldır:
"Bu dəfə də biz bunun faydasını gördük. Ağdərə rayonunda yerləşən Gəncəsər monastır kompleksinə baxış keçirildi və burada ermənilərin qədim kitabı kimi təqdim etdiyi nəşrlərin saxta olduğu bir daha üzə çıxdı. Məlum oldu ki, həmin səhifələrdə yalnız bir neçə vərəqdə rəsm və mətnlər var, digər səhifələr isə boşdur. Bu, heç də ermənilərin tarixini və məişətini özündə əks etdirmir.
Qarabağda olan bir çox tarixi-mədəni abidələr, əlbəttə ki, alban tarixini, azərbaycanlıların tarixini özündə əks etdirir. Çox təəssüflər olsun ki, ermənilər saxta yollarla daim bu abidələri öz adlarına çıxarmaq fikrində olublar, orada müəyyən düzəlişlər və saxta yazılar nümayiş etdiriblər. Bu günün reallıqları sübut edir ki, onların bütün mülahizələri, bütün cəhdləri iflasa uğrayır. Qarabağa səfər, Qarabağda tanışlıq və xarici ölkə səfirlərinin, jurnalistlərin, elm və mədəniyyət xadimlərinin bu yerlərə hər bir səfəri bizim tariximizi, mədəniyyətimizi əks etdirmək, xarici nümayəndələrə həqiqətlərimizi sübut etmək baxımından çox əhəmiyyətlidir".