Rafail Inceyurd Ismayilov - Gedək...

Ədəbiyyat 12:35 / 16.09.2026 Baxış sayı: 116

 

Ələnəsi nəyi qaldı? Canımı

Ələk bir gün aparacaq, bilirəm.

Göz yaşım yox, bir isladam külümü –

Külək bir gün aparacaq, bilirəm.

Bir yiyəsiz dərvişiyəm lələmin,

Qara baxtım sağdışıdı ələmin.

Cığırını puç eləyib qələmin

Çörək bir gün aparacaq, bilirəm.

Xudam bizə çox görməsin o köyü,

O ocağı, o xırmanı, o öyü.

Beynimizi tar-mar edən səs-küyü

Tütək bir gün aparacaq, bilirəm.

Bilirsənmi niyə cırdı nəsillər,

Nədən gəlir millətə kəm-kəsirlər?..

Yavrum, hələ düz ağacı kəsirlər –

Fələk bir gün aparacaq, bilirəm.

Aman Allah, qəhrimizə göz dəyir,

Çiynimizi giziltilər közləyir.

Ay İncəyurd, bəlli zaman gözləyir –

Gedək, bir gün aparacaq, bilirəm...

09.09.26