Şakir Xanhüseynli - ŞEİR SÜZÜM QƏDƏHİNƏ

Ədəbiyyat 10:35 / 16.09.2026 Baxış sayı: 175

 

şeir süzüm qədəhinə,

qurun da dönüb yaş olsun;

iç, hər içiləndən deyil,

rahatlan, könlün xoş olsun.

bu nəğmələr su durusu--

ən təmizi, ən arısı...

bu sözlə o söz arası

qanadlan, könlün xoş olsun.

gül qoxusu gəlir səndən,

mənim dimdiyimdə sən dən.

süfrə açmışam, söz məndən--

cana can, könlün xoş olsun.

bil, mən sənlə mənəm, sənlə,

dur, məndəki səni dinlə;

bir dinlədin, yenə dinlə--

bir olmasın, qoy beş olsun.

kim durub qəsdimə, gəlir ,

üstümə-üstümə gəlir.

sükutundan bir səs gətir,

bütün səslərdən baş olsun.

ağrı məndə, acı səndə,

ağrısam da, acısan da,

ey sən, könül acısında

dad var, yeyənə nuş olsun.

təzələyirəm köhnəmi,

sinəm boşuna göynəmir.

yerdən çəkir hey göy nəmi

ki, qar olsun, yağış olsun...

qəm sevinci üstələyir,

qəlb sevincə, üstələyir...

bax, səni düzlüyün əyir,

bir deyən yox keçmiş olsun.

sözlədi bişmişin, çiyin,

fikirlərinə ver çiyin...

qoy elə bu sakitliyin

özünlə bir savaş olsun!.