Əbülfət Mədətoğlu - Gəlir
( Xatirə şeirlərdən)
Səni düşünürəm... yenə fikrimə-
o anlar...o günlər...o aylar gəlir.
Baxıram səninlə birgə şəklimə -
dilimə gör hansı olaylar gəlir...
Sevgi tumurcuğu çatlayan vaxtı
dönüb gözlərimə bir gözəl baxdı..
Gözündən könlümə bir işıq axdı -
aşıb dağ-dərəni dolaylar gəlir.
Üstümə doğan gün buluda düşdü
sabahım ünyetməz umuda düşdü...
Dilindən qaçaraq "unut" ta düşdü -
Dol gözüm, ümidsiz , dol , aylar gəlir...
Toxundu dizlərim çaylaq daşına
dərd məni qaldırdı yaylaq qaşına...
Gəlməz Əbülfətin bir də başına -
bu sevgi! nə qədər bol aylar gəlir!..