Tahir  Rzayev, millət  vəkili : - "  Azərbaycan da Ukraynanın yanında olduğunu öz addımları ilə sübut edir."

SİYASƏT 11:25 / 20.08.2026 Baxış sayı: 1575

Azərbaycan-Ukrayna münasibətləri son illərdə siyasi dialoqdan strateji tərəfdaşlıq səviyyəsinə yüksələrək humanitar, enerji və bərpa layihələri ilə daha da möhkəmlənib.

Viktor Yuşenkonun Bakıya səfəri və İlham Əliyevə İrpen şəhərinin fəxri vətəndaşı adının verilməsi Kiyevin Azərbaycanın Ukraynaya göstərdiyi dəstəyə verdiyi yüksək qiymətin göstəricisi kimi qiymətləndirilir. Bu səfər həm Bakı-Kiyev münasibətlərinin tarixi əsaslarını, həm də gələcək əməkdaşlığın yeni istiqamətlərini ön plana çıxarır.

Yenises.az  xəbər  verir  ki,  Milli Məclisin deputatı Tahir Rzayev mətbuata  açıqlamasında bildirib ki, Azərbaycan-Ukrayna münasibətləri tarix boyu sağlam və qarşılıqlı hörmətə əsaslanan şəkildə inkişaf edib. Bu xalqları tarixi köklər, dostluq və qarşılıqlı həmrəylik münasibətləri birləşdirib və bu ənənə bu gün də davam edir.

“Artıq Azərbaycan-Ukrayna münasibətləri siyasi dialoq və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Azərbaycan ən çətin günlərdə belə Ukraynanın yanında olduğunu bəyan edib. Müharibə şəraitində olan bu dövlətə dəstəyini göstərən Azərbaycan Ukraynanın haqlı mövqeyinin ən mötəbər tədbirlərdə səsləndirilməsinə də xüsusi diqqət yetirir. Azərbaycan Prezidentinin Ukrayna dövlətinə və xalqına verdiyi dəstək, əlbəttə, dostluğun və qardaşlığın ifadəsidir”, – deyə deputat bildirib.

Deputatın fikrincə, bunun nəticəsidir ki, iki ölkə arasında humanitar, enerji, nəqliyyat və digər sahələrdə çox mühüm layihələr həyata keçirilib, sənədlər imzalanıb və bu proses bu gün də davam edir.

Tahir Rzayev deyib ki, Ukraynanın sabiq prezidenti Viktor Yuşenkonun Bakıya səfəri də iki ölkə arasında qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinin nəticəsi hesab oluna bilər. Səfər zamanı İlham Əliyevə İrpen şəhərinin fəxri vətəndaşı adının verilməsi, sözsüz ki, Azərbaycan-Ukrayna münasibətlərinin, dostluq və qardaşlıq əlaqələrinin yüksək səviyyədə olduğunu göstərir.

“Azərbaycan Ukraynada yaşayan azərbaycanlılara da daim diqqət göstərib. Burada azərbaycanlıların işləməsi, sahibkarlıq fəaliyyəti ilə məşğul olması istiqamətində ciddi addımlar atılıb. Zərifə xanım Əliyevanın adına fəaliyyət göstərən məktəb, Heydər Əliyev adına park və digər mədəniyyət və tarixi mərkəzlər iki xalq arasındakı dostluğa daha bir töhfə verir.

Viktor Yanukoviçin Bakıya səfəri və Bakı tərəfdaşlığının inkişafı da iki dövlət arasındakı münasibətlərin daha da yaxınlaşdığını və inkişaf etdiyini göstərir. Bu, Bakı-Kiyev münasibətlərinin gələcəkdə daha yüksək səviyyəyə yüksələcəyinə dair inam yaradır”, – deyə o əlavə edib.

Deputat hesab edir ki, bu, belə də olmalıdır. Çünki Azərbaycan torpaqları 30 il ərzində düşmən tapdağı altında qaldığı vaxtda, eləcə də sonrakı dövrlərdə Ukrayna dövləti və Ukraynanın rəsmiləri Azərbaycanın mövqeyini həmişə müdafiə ediblər. Bu gün isə Ukrayna müharibə şəraitindədir və ağır günlər keçirir. Azərbaycan da Ukraynanın yanında olduğunu öz addımları ilə sübut edir.

“Dövlətlərin və xalqların bir-birinə belə çətin günlərdə dəstək göstərməsi əsl dostluq və qardaşlıq nümunəsidir. Bu, eyni zamanda beynəlxalq hüquq normalarına və insanlığa verilən dəyərin göstəricisidir”, – deyə o vurğulayıb.