Arzu Əsəd - Başa düşməliyik ki...

YAZARLAR 12:00 / 20.08.2026 Baxış sayı: 331

Bir milləti yaşadığı torpaqlardan silmək üçün əvvəl onun köklərini - tarixini, tarixi şəxsiyyətlərini, dinini, klassik ədəbiyyat və mədəniyyətini, adət-ənənələrini kəsib doğrayırlar. Sonrası kənardan əsən yellərin, daşan sellərin - xarici çevrələrin işidir. Kökündən qoparılmış çör-çöpü, kör-kötüyü yerindən didərgin etməyə nə var ki?

Millət öz kökünə bütün varlığı ilə sarılmalı, onu min illər boyu yaşadan dəyərlərinin daha çox xarici çevrələrin virus və bakteriya kimi millətin canına saldığı "ateizm", "maarifçilik", "aydınlaşma" və sair gəlişi gözəl sözlər adı altında onun immunitetini zəiflətmək, həyat damarlarını kəsmək istəyənlərin yarımhəqiqətinə, yalançı pafosuna, avantürasına, eqo köpürməsinə aldanmamalı, əsrlər ərzində yaradılmış hər bir böyük-kiçik dəyərini göz bəbəyi kimi qorumalı, saxlamalı, gələcək nəsillərə ötürməlidir.

Başa düşməliyik ki, bu din davası, tarix davası, tarixi şəxsiyyət davası, ədəbiyyat davası yalnız təfəkkürlərdə gedən nəzəri dava deyil. Dava sözün əsil mənasında TORPAQ davasıdır. İnsanlıq tarixi var olandan bu günə qədər bütün davalar məhz torpaq üstündə olub, olur və olacaq. Bu nəzəri ideya mübarizələri məhz torpaq uğrunda mübarizənin mühüm bir hissəsidir - millətin kökünü həmin torpaqdan kəsmək mərhələsidir. Səni min illər ərzində bu torpağa bağlayan, onun üzərində yaşadan məhz bu tarix, bu din, bu ədəbiyyat, bu mədəniyyət, bu adət-ənənələr olub. Əlbəttə, zamanın tələbilə onlar inkişaf etməlidir.

Ancaq inkişaf kökündən qoparmaq deyil, məhz kökü üzərində yenilənməkdir. İnkişaf adı ilə millətin dinini, tarixini, klassik mədəniyyətini, dəyərlərini onun gözündə ucuzlaşdırıb, aşağılayıb yox etmək istəyən adam özünə hansı gəlişi gözəl adı qoyursa-qoysun, ya bilərək, ya da qanmazlıqdan xarici çevrələrin əlində oyuncaq bir vasitəyə çevrilir. Millətin taleyi "dinindən, tarixindən, mədəniyyətindən, ənənələrindən əl çək" kimi absurd və xəyanətkar eksperimentlərlə həll edilə bilməz. Ötən min il məhz bu dəyərlərlə bu torpağa kök salmış bu millətin irəlidən gələn qeyri-müəyyən yüz illər üçün qarantıdır, zəmanətidir. Millət bu qarantı əlindən verə bilməz. Bu millətin keçmişdən gələn mövcud dəyərləri yeni elmi-texniki tərəqqi, innovasiyalar, rəqəmsal inkişaf və sairəyə qətiyyən mane olmur, sonuna qədər açıqdır. Əksinə, bu dəyərlər güclü, ciddi, zəngin mənəviyyatlı insanlar yetişdirməklə millətin keçmişi ilə bu günü, gələcəyi arasında canlı rabitə bağları yaradır, onu bütövləşdirir, immunitetini, passionarlığını gücləndirir.

Tarix yalnız o millətləri yaşadır ki, onlar hər dövrdə mühafizəkarlıqla yeniliyin nisbətini düzgün qoruyub saxlaya bilir.