Ayaz Arabaçı - Külək dodaqlarında gəzdirir o nəğməni.
Külək dodaqlarında gəzdirir o nəğməni.
Hər dəfə oxuduqca dəli eləyir məni.
Gecənin sinəsindən səssiz nalələr çıxır,
Ürəyimin qanından təzə lalələr çıxır.
Körpə bir uşaq kimi sığallayıb başımı,
Oyadır ay işığı yuxulu yaddaşımı.
Sağalır ümidlərin qırılmış qanadları,
Divarlar pıçıldayır unutduğum adları.
Vaxt divar saatından quş kimi səkib gedir,
Qaranlıq əllərini yaxamdan çəkib gedir.
İllərin quraqlığı çiçəkləyib sinəmdə,
Kimdi qapımı döyən?
Soruşursan -mənəm də.
Mənəm də, yaddaşında köhnə bir kölgə adam,
Fəth etmək istədiyin bir zaman ölkə adam.
Alovlanır içimdə həsrətinin fitili,
Adını pıçıldayır küləyin yorğun dili.
Göz yaşının tufanı nuhları yola salır,
Gecə qara libasda ruhları yola salır.
Gör yadına gəlirmi baş-başa iki dəli.
Bizə tərəf can atır vaxtın üşüyən əli,
Bir qapı var, açılmaz dillə, əllə, açarla,
Necə baş-başa qoyum mən səni bu naçarla...
Gecə qara mürəkkəb, ulduzlar ağ hərf imiş,
Bəlkə bizim yazımız əvvəlcədən səhv imiş.
Kimsə çağırır bizi nə insandı, nə mələk,
Oxuyub bir cavab yaz, ortaq məxrəcə gələk.