Şakir Xanhüseynli - EŞQ HARA GÖTÜRÜR SƏNİ
eşq hara götürür səni?
pis günlər marığa yatıb.
elə bil ki, kimlərsə eşq
yoxluğunda vara yetib...
əlini əlindən ayır
və birləşdir köksün üstə.
oxşa, daraqla saçını
başını öz dizin üstə...
ürəyində gəzdirirsən
səninçün dərd olanı, bax.
işin harda bitəcəyi
nə əkməyə bağlı ancaq...
get orda lap ocaq yandır,
isinməsi çətin ola;
bir qəlb xarabadı o vaxt
sevgisindən yetim qala...
bir qapını açdığında
bağlanmaya əlin-qolun;
hər şeyi bitirdiyin vaxt
görəsən başlayır yolun...
bir səs üzündə sayrışan
təbəssümə sığal çəkə,
bir baxışın odundakı
hərarətdən kədər ürkə...
kim vəfalı, kim vəfasız,
qaldır yerdən bəxt daşını;
min ilin qəm naxışında
kim görür öz naxışını...
ağı qara çərçivəyə
salmaq tale işidimi...
bəzən elə olur, bir səs
ən yaxından eşidilmir...
əl çatan budaqdan əlin
çatmır bir meyvə dərəsən...
oturub yollar yormağı
etdin özünə peşə sən...