Rafiq Yusifoğlu - QOCANIN ÜZÜ – ŞAİRİN GÖZÜ

Ədəbiyyat 20:28 / 17.08.2026 Baxış sayı: 568

 

Bu qocanın üzündə

Gör nə qədər qırış var.

Zaman bir əkinçidi,

Saldığı şum – qırışlar.

Suala tutsan əgər,

Qoca nəfəs dərəcək –

Üzündəki o şumdan

Xatirə göyərəcək.

Vala da bənzədərsən,

Əgər o üzə baxsan.

Bu qırışın hər biri

Səs cığırıdı yoxsa?!

Bu valı dilləndirmək

İstəyənlər az olub.

O cığıra bir ömrün

Qayğıları yazılıb…

1987